Göllərdə çimmək daha təhlükəlidir

"Kanallarda suyun üzərində olan axın sürəti ilə altındakı axın sürəti arasında 3 dəfəyə qədər artıq fərq var"


Son günlər Azərbaycanda suda boğulma halları ilə bağlı xəbərlər diqqət çəkir. Az qala hər gün bir rayondan suda boğulma ilə bağlı xəbərlər gəlir. Ötən gün üç qardaşın suda boğulması xəbəri hər kəsi çox üzdü. Artıq yay mövsümü gəlib. Bilirik ki, yayda insanların bəziləri süni su hövzələrinə, su anbarlarına, çaylara, kanallara və göllərə gedərək orada istirahət edir.

Ancaq bunun nə qədər təhlükəli olmasını bilmir, yaxud bilərək özlərini təhlükəyə atırlar. Yəni insanların öz həyatlarını təhlükəyə ataraq süni su hövzələrində, su anbarlarında, kanalda, çaylarda və göllərdə çimməsi sonda bədbəxt hadisələrə səbəb ola bilər ki, bunun da acısını ömür boyu yaşamağa məcbur olurlar. Bəs göllərdə və digər su hövzələrində hansı təhlükəsizliklərə riayət olunmalıdır?

Məsələ ilə bağlı təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Şərq"ə açıqlama verib. Ekspert qeyd edib ki, süni su hövzələri, kanallar və s. bu kimi yerlərin təyinatı çimmək üçün nəzərdə tutulmayıb:

"Təbii ki, gölün dibində konserv qabı, kəsilmiş şüşə parçası, sınıq butulka və s. bunun kimi kəsici-deşici əşyaların suyun dibində olması istisna deyil. Əlbəttə ki, bunların insana nə qədər ağır xəsarət yetirəcəyini düşünmək o qədər də çətin deyil. Daha sonra göldə suyun dibinin lil olması və bataqlıq yaratması ora düşən insanın oradan sağ çıxmaq şansını sıfıra endirir. Çünki lilə batan insan çıxmağa çalışdıqca daha da dərinə batır. Həmçinin, suda əqrəb, ilan və digər zərərverici canlılar ola bilər ki, bu, insan orqanizminə çox təhlükə yarada bilər. Yəni göllərdə çimmək həqiqətən də çox təhlükəlidir. Kanallarda suyun üzərində olan axın sürəti ilə altındakı axın sürəti arasında 3 dəfəyə qədər artıq fərq var. Bunu orada çimənlər nəzərə almırlar və öz həyatlarını belə təhlükəyə atırlar".

E.Nurəliyev diqqətə çatdırıb ki, bu kimi halların qarşısının alınması, yaxud yaşanmaması üçün müəyyən tədbirlər görülməlidir:

"Bəli, mətbuat vasitəsi ilə mütəmadi olaraq maarifləndirmə aparılır. Ancaq inzibati mexanizm də olsa yaxşı olar. Yay mövsümü üç ay olur və çox təəssüf ki, bu üç ayda xeyli insan bu kimi yerlərdə çimərək həyatlarını itirir. Hesab edirəm ki, bu cür yerlər dövlət tərəfindən nəzarət götürülməlidir. Məsələn, əgər ora FHN-in sularda xilasetmə xidməti və DİN-in müvafiq bölmələri ilə növbə ayrılarsa, bunun qabağını almaq mümkün olar. Ümumiyyətlə, bu, süni su hövzələrindən, kanallardan və göllərdən çimərlik kimi istifadə edənlər ilə bağlı qanun layihəsinin hazırlanması daha məqsədəuyğun olar. Yəni buna da nəzarət edən qurumun hansı tədbirləri görəcəyi bəlli olar. Əgər FHN və DİN bu məsələni nəzarətə götürsə, o zaman bu su hövzələrində çimən şəxslər aşkar olunar və onlarla bağlı hansı tədbirlər görülməlidir kimi digər məsələlər də qanunla tənzimlənər".