“...Rusiyaya qarşı konkret siyasi mövqe ortaya qoymalıyıq” – Müzakirə


“Və bildirməliyik ki, hazırda rus sülhməramlılarının olduğu yerdə də Azərbaycanın yurisdiksiyası təmin olunmalıdır”


Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “Primakov qiraəti” forumunda çıxış edib. Nazir deyib ki, Dağlıq Qarabağın statusu məsələsini ATƏT-in Minsk qrupunun həmsədrləri ilə razılaşdırmaq vacibdir, ancaq indi onu deyil, dinc sakinlərin regiona qayıtmasını vurğulamaq lazımdır”.
Lavrovun fikrincə, indiki mərhələdə azərbaycanlılarla ermənilərin yenidən bir yerdə təhlükəsiz yaşamaları və iqtisadi rifahları ilə bağlı məsələlər həll olunur:

“Əgər biz belə bir həyatı təmin edə bilsək, onda bir neçə ildən sonra statusla bağlı bütün problemləri həll etmək daha asan olacaq”. Rusiya XİN rəhbərinin cəhənnəmə göndərdiyimiz “status” məsələsini fasilələrlə gündəmə gətirməsi müəyyən məqsədlərə xidmət edir. Düzdür, Lavrov vurğulayır ki, indi əsas məsələ əməkdaşlıq, etimadın formalaşması və sabitlikdir. Amma bu fikirlərini “status” məsələsi fonunda ortaya atması Kremlin əsl niyyətini aşkar edir. Görünür, Moskva hazırda prioritet hesab etdiyi regional əməkdaşlıq məsələsi həllini tapandan sonra “status” mövzusu ətrafında müzakirələrə başlayacaq.

 Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli Rusiyanın yeni “ssenarisi” barədə “Sherg.az”ın suallarını cavablandırdı:

- Lavrovun sözügedən açıqlamasını necə qiymətləndirirsiniz?

-  Rusiya istəyir ki, konflikt həll olunmamış qalsın. Şəxsən Lavrov Rusiyadakı erməni lobbisinin birinci şəxsidir. Dövlət başçısı Vladimir Putin də demişdi ki, problemin çözülməsi gələcək nəsillərə qalsın. Təkrarlayıram, Kreml məsələnin nə Azərbaycanın, nə Ermənistanın xeyrinə həll olunmasında maraqlıdır. Ümumiyyətlə, şimal qonşumuz post-sovet məkanında hansı məsələni həll edib ki?!

- Elə isə Azərbaycan nə etməlidir?

- Biz Ermənistandakı seçkilərdən sonra Rusiyaya qarşı konkret siyasi mövqe ortaya qoymalıyıq. Və bildirməliyik ki, hazırda rus sülhməramlılarının olduğu yerdə də Azərbaycanın yurisdiksiyası təmin olunmalıdır.

- Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva ərazilərin təcili surətdə minalardan təmizlənməsində maraqlıdır. Bu açıqlama nə qədər səmimidir?

- Əlbəttə, səmimi deyil. Əgər ürəkləri belə çox yanırsa, minalı ərazilərin xəritəsini versinlər. Və ya Ermənistandan bunu tələb etsinlər. Zaxarovaya demək lazımdır ki, ümid etməklə iş keçmir.

- Son vaxtlar ABŞ Cənubi Qafqazda mövcudluğunu göstərməyə çalışır. Bu Rusiyanın hegemonluğunun qarşısını ala bilərmi?

- Qarabağ məsələsində Rusiyanın, ABŞ-ın və Fransanın mövqeyi eynidir. Sadəcə Vaşinqton regiondakı üstünlüyü Moskvanın əlindən almaq istəyir. Amma biz vəziyyətdən istifadə edə bilərik.

- Necə?

- Paşinyan Qərbə meyillənsə, Kremlə başa salacağıq ki, onun üçün regiondakı ən yaxşı tərəfdaş bizik. Və ən əlverişli variant Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasıdır. Rusiya Cənubi Qafqazda yalnız o halda ola bilər ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və bizim bütövlükdə Qarabağda yurisdiksiyamız təmin olunsun.