Böyükçölün "səyyar kitab satışı"ndan DANIŞDILAR: “Kimisi bəyəndi, kimisi də “mız” qoydu...

Tanınmış yazıçı Kəramət Böyükçöl səyyar kitab satışı aksiyasını davam etdirir. Aksiya ölkə ictimaiyyətində və eləcə də sosial şəbəkələrin Azərbaycan seqmentində böyük maraqla qarşılanıb. Yazar öz beyin məhsulunu özü satıb həm kitablarını tanıdır, həm də gəlir əldə edir. 
“Sherg.az” olaraq şairin qələm dostları ilə əlaqə saxlayıb onların aksiyaya dair münasibətini öyrəndik. 

“Bu biabırçılıqdır, amma...”



Yazıçı-şair Tural Turanın fikrincə, yazıçı öz kitabını özü satmamalıdır: 

“Bu biabırçılıqdır, amma günahkar müəllif deyil. Yazarlar öz kitabını özləri satdığına görə də qınanmamalıdır. Kəramətin atdığı addımı 2018-ci ildə mən də atmışam. Pul lazım idi. Məcbur qalıb kitablarımı Cavid parkına apardım. Əvvəlcədən elan verdim. Cəmi 7-8 kitab sata bildim. Bu gün kitablar satılmır. Çünki oxucu qıtlığıdır. 300-500 nüsxə kitab basdırırsan, onun 100-ü, 200-ü əlində qalır”. 

T.Turan qeyd edib ki, nəşriyyatların görəcəyi işi müəllif görürsə, bu biabırçılıqdır: 

“Ölkədə kitab sənayesi formalaşdırılsa, rəqabətli mühit olsa, bu gün şairlər kitab satmaz. Gürcüstanlı şair dostum İrakli Samuliya ötən il 5000 nüsxə şeirlər kitabı çıxardı. 500 yox ha, 5 min. İki ay sonra təkrar nəşrə getdi və 2000 nüsxə də basıldı. Pulu ilə gedib maşın aldı. O 5 milyonluq gürcü xalqının şeirə verdiyi dəyər, bu da biz... Kitaba sevgi hissi aşılanmalıdır. Kitaba maraq oyadılmalıdır. Ötən həftə Milli Məclisin sədri Sahibə xanım Qafarovaya sosial şəbəkə üzərindən təklif verdim ki, parlamentin foyesində istedadlı yazarların imza günü təşkil olunsun. Kitaba, kitab oxumağa sevgi adına yaxşı təklif olunduğunu düşündüm. Səs-soraq çıxmadı. Biganəlik özümüzdədir”.

“Kəramətin elədiyi də yaxşı addımdı”

 

Gənc şair Ulucay Akif  K.Böyükçölün aksiyasını bəyəndiyini dedi: 

“Mən tələbə vaxtı başqa bir şey edirdim. Şeirlərimi “A4” vərəqlərində çap edib universitetin həyətində, yolda qarşıma çıxanlara pulsuz paylayırdım. Beləcə məni tanımayan adamlara da şeirlərimi oxutmuş olurdum. Kəramətin elədiyi də yaxşı addımdı. Onsuz da kitabla bağlı bütün məsələlər yazıçının öz üstünə düşür deyə kitabını da özünün şəxsən satmasında heç bir qəribəlik yoxdur. Həm də artıq oxucular yazıçının yazdıqlarından daha çox özünə maraq duyurlar, onu şəxsən görmək, onunla söhbət etmək istəyirlər. Ona görə də kitabı özündən almağa üstünlük verirlər. Mən də bunun əleyhinə deyiləm. Həm biz də yeni insanlar tanımış oluruq”. 

“Mən nə vaxtsa bu addımı atmaram”



Şairə-yazıçı Şahanə Müşfiq də aksiyanın müsbət olduğunu bildirdi: 

“Kəramət Böyükçöl özünə və qələminə hörmət etdiyim dostumuzdur. Onu 10 ildən çoxdur ki, tanıyıram. Onun bu aksiyasını heç də mənfi qarşılamıram. O, öz beyin məhsulunu insanlara təqdim edir, satır. Düşünürəm ki, buna heç kim qarışmamalı və yadırğamamalıdır. Nəzərə alsaq ki, ölkəmizdə kitab satışı biz istəyən səviyyədə deyil, nə qədər sosial şəbəkələr olsa da belə, yazıçı-oxucu arasında dərin uçurum var, həm də kitabın təbliği baxımından həmkarımın bu addımını müsbət qarşılayıram. O, heç kimə kitabını zorla satmır, məcburi aldırmır. Sadəcə sosial şəbəkədə filan yerdə olacağı, kitab istəyənlərin onu məhz orda tapa biləcəyi elanını verir, bu qədər. Kimin könlündən keçirsə gedib kitabı alır. Kitab çapı bizdə belədir ki, bu işin xərci borcunu ödəmir. Nəşriyyatın, mağazanın, kitabxananın təbliğatına ümid olmaq istəmir yazıçı və olmur da”. 

Ş.Müşfiqin fikrincə, Kəramətin bu addımı həm də hazırkı kitab bazarına satirik yanaşmasıdır: 

“O ki qaldı mənə. Düşünmürəm ki, mən nə vaxtsa bu addımı atmaram. Çünki öz adıma heç vaxt kitaba maddi qazanc yeri kimi baxmamışam. Hərçənd, baxsaq da dəyişən bir şey olmayacaq (gülür). Mən hətta öz kitab təqdimatlarımda belə kitabı iştirakçılara hədiyyə etmişdim, satışa qoydurmamışdım. Gələcəkdə bəlkə yeni kitablarımı satışa verərəm, amma özüm satmaram. Dostumuz Kəramətə və bütün həmkarlarımıza uğurlar arzulayıram!”. 


“İstərdik ki, yazıçı ancaq kitab yazsın onu mağazalar, naşirlər satsın”



Yazar xanım Sevinc Elsevər bildirib ki, yaradıcı adamlar bu cür səyyar satışla məşğul olublar:

“Çox ciddi yazıçılar, rəssamlar öz əsərlərini küçədə satıblar. Yaxşı ki, bu gün kitab satışı az-çox formalaşıb. Kitab mağazalarının sayı artıb. Ancaq 15 -20 il əvvəl hamı kitabını belə satırdı. Şairlər qoltuqlarında yeni çıxan kitabları idarələrə gedir, müdirlərə kitablarını "hədiyyə" edir , əvəzində şirinlik alırdılar. Bununla dolanırdılar. Elə o ağır illərdə qələm adamları hörmətdən düşdü. O illərdə ki, kitab mağazaları bağlanmışdı, nəşriyyatlar kitabı pul müqabilində çap edib müəllifin qoltuğuna verirdilər. Müəllif də çıxış yolunu kitabı qapı-qapı, idarə-idarə düşüb satmaqda görürdü. Hələ yaşlı bir kişi vardı, kitabını metroda satırdı. Tələbəliyi 90-cı illərin sonuna, 2000- ci illərin əvvəlinə düşən hər adam o kişini xatırlayır. Başını da yaylıqla bağlayırdı, deyirdi Qarabağı geri aldıgımızda başımı açacam. Kəramət də çıxış yolunu kitabını bu cür satmaqda görüb. Kitab mağazaları yüksək pul istəyirlər. Hər kitabdan 1-2 manat mağazaya qalır. Yazıçı həm kitabın nəşrinə pul xərcləyəndə, həm kitabı satan mağazaya pul verəndə özünə nə qalır? Demək olar heç nə. Ona görə Kəramət bir yandan ağıllı iş görür. Mövcud durumda kitabdan ancaq bu şəkildə gəlir əldə etmək olar. Oxucular şairin özündən kitabı almaqla, həm avtoqraf alır , həm müəlliflə şəkil çəkdirirlər. Oxuculara da belə sərf edir”. 

S.Elsevər bildirib ki, özü belə aksiyanı tək etməyi düşünmür: 

“Ancaq bir neçə qələm yoldaşımla bir yerdə eləyə bilərəm. Mən utancağam. Üstəlik Kəramətin feysbukda izləyicisi çoxdur. Çağırışına gəlirlər. Mənim elə çox izləyicim yoxdur. Statuslarım açıq belə deyil, ancaq dostluğumda olan adamlar görür. Orda çox adamla əhatələnmək istəmirəm. Özüm belə aksiya keçirə bilmirəmsə də, keçirənlərə də müsbət yanaşıram. Bir vaxtlar Hadi də öz şeirlərini küçədə satırmış. Ancaq istərdik ki, Azərbaycan yazıçısı ancaq kitab yazsın. Kitabı mağazalar, naşirlər satsın. Yazıçı kitab satmağa xərclədiyi enerjini yazmağa, oxumağa sərf etsin. Yaxşı da yaşaya bilsin. Evə çörək aparsın. Uşaqları şəkər də yeyə bilsinlər, dondurma da”. 


“Təəssüf ki, ədəbiyyatımızın, kitab bazarının uğuru deyil bu” 



Yazar Ayxan Ayvaz Kəramət Böyükçölün tək başına kitab aksiyasının çox maraqlı olduğunu dedi: 

“Təzə-təzə bu aksiya olanda yazmışdım. İndi də təkrarlayım. Yazar dostlarımız deyirdi ki, biz də bu prosesə qoşulaq, kitablarımızı özümüz sataq. Məncə, kitablarının satılmağı persona kimi Kəramətin öz uğurudur. Yəni onu tanıyan, sevən kütlə var və onlar da Kəramətin aksiyasına dəstək verirlər. Bu aksiya başqa yazarda uğurlu alınmaz deyə düşünürəm. Kitabı tək başına satmaq yalnız Kəramətdə alınır. Adamı bütün ölkə tanıyır. Bu aksiya Kəramətə məxsusdur və ondan kənarda ilğım olub yoxa çıxmağa məhkumdur. Kəramətin bu uğuru yalnız öz tanınmışlığına görədir. Təəssüf ki, ədəbiyyatımızın, kitab bazarının uğuru deyil bu”. 

“Oxucusu olmayan yazarın belə aksiyaya qoşulması...”


Gənc yazar Eminquey Akif də K.Böyükçölün kitab satışını dəstəklədiyini söyləyib: 



“Kəramətə bu aksiya ilə bağlı ədəbi mühitdə ilk dəstək verənlərdən biri mən olmuşam. Hətta keçən həftə özüm də bu aksiyaya qoşuldum və effektini kifayət qədər gördüm. Məndən də gəlib dəyərindən artıq qiymətə kitab alanlar olub. Hazırda Azərbaycanda kitab bazarındakı monopoliya, müəyyən adamların pulla rəflərini önə çıxarmağı baş verir. Ona görə də bir yazarın tək başına aksiya edib heç bir kitab mağazasına kitab verməməyi uğurludur. Azərbaycan cəmiyyətində hansısa yazar kitab çıxartdırıb onu nəşriyyatın ümidinə buraxmalı deyil. Birbaşa oxucu ilə ünsiyyətdə olmaq, oxucuya kitab imzalamaq və kitabın gəlirini yazarın özünün götürməyi daha yaxşıdır, nəinki kitab mağazalarında kitabların rəfdə qalıb paslanmağı. Eyni zamanda həmin kitabların gəlirinin yarısını kitab mağazası götürür. Bunlar effektiv deyil”. 

Yazarın sözlərinə görə, Azərbaycan yazıçısına və şairinə başqa yol buraxılmayıb: 

“Məncə ən effektiv üsullardan biri səyyar kitab satmaqdır. Təbii ki, yazarlar əvvəlcə oxucu kütlələrinə baxıb səyyar kitab satışı aksiyasına qoşulmalıdırlar. Əlbəttə, oxucusu olmayan yazarın belə aksiyaya qoşulması fiyaskoyla nəticələnə bilər və yazıçı ruhdan düşə bilər”. 

“Tanınmayan yazarların kitabları kitabxanalarda arxa sıralara atılır”



Yazıçı Orxan Saffari də aksiyanı yüksək dəyərləndirir: 

“Hətta təklif edirəm ki, bütün yazarlar belə aksiyalar başlatsın. Çünki ölkədə kitab satışı ilə məşğul olmurlar. Tanınmayan gənc yazarların kitabları kitabxanalarda arxa sıralara atılır. Bunun dəfələrlə şahidi olmuşuq. Kitab verən gənc yazarlar da bu faktı təsdiq edə bilər. Maddi gəlir baxımından yazarın kitabını özünün səyyar şəkildə satması daha yaxşıdır. Çünki kitab mağazaları müəyyən faiz əldə edir və kitabların əksəriyyəti satılmır. Səyyar kitab satışı oxucunun yazarla tanışlığına, yaxın və səmimi olmasına şərait yaradır. Ona görə də çox gözəl və maraqlı aksiyadır”.

Hazırladı: Yeganə Bayramova