Vaqif Poeziya Günlərinin Şuşada bərpa olunacağı çox gözəldir
"Biz katiblikdə yığışıb müzakirə edəcəyik, plan tutacağıq"
“…Özüm də bilmirəm Şuşanı niyə bu qədər sevirəm. Burda doğulmamışam, burda böyüməmişəm, əslim-nəslim bu şəhərdən deyil, qohum-əqrəbam burda yaşamır. Söz yox, vətənin hər qarışı, hər bucağı əzizdir, müqəddəsdir, amma Şuşa elə bir yerdir ki, imkanım olsaydı bütün ömrümü burda keçirərdim və vəsiyyət də edərdim ki, öləndə məni burda basdırsınlar.
Şahanə bir vüqarı var Şuşanın. Elə bil o, ömrümüzü bütün adiliklərdən, xırdaçılıqlardan təmizləyir, ayırır, içəri dünyamızı arıtlayır, duruldur, bizi gündəlik həyatımızın, tanış dünyamızın fövqünə qaldırır.
Şuşanın ülviyyəti onun təkrarsız təbiətiylə, tarixiylə, taleyilə bağlıdır…(Xalq yazıçısı Anarın 1985-ci ildə “Ulduz” jurnalının 8-ci sayında çap etdirdiyi “Qarabağ şikəstəsi” yazısından)”.
Ona görə xalq yazıçısının bənzərsiz Şuşamızı bənzərsiz tərifi ilə başladıq ki, Prezident İlham Əliyev Şuşanı, birincisi, Azərbaycanın mədəniyyət paytaxtı elan etdi, ikincisi, Şuşanın abadlaşacağını, dirçələcəyini hələ 8 noyabrda bəyan etmişdi, yenə bildirdi, üçüncüsü, Şuşada bir vaxtların ənənəvi şeir bayramı olmuş Vaqif poeziya günlərinin də bərpa olunacağını söylədi, üstəlik 2021-ci ili “Nizami İli” də elan etdi.
Demək, qarşıda nəhəng incəsənət ili var. Şeir, nəsr, yeni yaradıcılıq, yeni tapıntılar, uğurlar, parlayacaq istedadlar – Böyük Mədəniyyət bayramı gözləyir bizi.
Azərbaycan Yazıçılar Birliyi nə kimi fəaliyyət göstərmək fikrindədir, bunu soruşmaq üçün Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayevlə əlaqə saxladıq.
Əlbəttə, Prezidentin sərəncamlarından ən çox sevinənlərdən birinin məhz o olduğuna şübhəmiz yox idi. Amma yenə də öz dilindən eşitmək istədik:
- Mən Prezidentə çox təşəkkür edirəm. Bu sərəncamlar biz ədəbiyyat adamları üçün çox önəmlidir, sevindiricidir. Xüsusilə Vaqif Poeziya Günlərinin Şuşada bərpa olunacağı çox gözəldir. Təbii ki, mən Vaqif poeziya günlərinin Şuşada keçirildiyi o illəri yaxşı xatırlayıram. Çox sevindiricidir ki, həmin poeziya bayramı əziz Şuşamızda yenə keçiriləcək. Biz Yazıçılar Birliyi də həmin tədbirlərdə iştirak edəcəyik.
AYB sədri qeyd etdi ki, Vaqif poeziya günləri keçirilənə qədər Şuşada Molla Pənah Vaqifin məqbərəsi bərpa olunacaq. Çünki əvvəllərdə olduğu kimi yenə də Vaqif poeziya günləri onun məqbərəsi qarşısında keçiriləcək. Prezidentin sərəncamına uyğun olaraq poeziya günlərinin keçirilməsi və sair təşkilati məsələlər AYB-də müzakirə ediləcək. Vaqif poeziya günlərinin vaxtı təyin edildikdən sonra daha konkret qərarlar veriləcək.
Xalq yazıçısı 2021-ci ilin “Nizami Gəncəvi ili” elan olunmasını da yüksək qiymətləndirdiyini və Prezidentin belə bir sərəncam imzalamasını alqışladığını dedi:
- Bu sərəncamı çox yaxşı qiymətləndirirəm. Cənab Prezidentə belə bir sərəncam imzaladığı üçün də təşəkkür edirəm. “Nizami ili" o deməkdir ki, ədəbiyyatda onunla bağlı əsərlər daha da çox olacaq. Ədəbiyyat əsərlərlə zənginləşəcək. Yazıçılar da bu işdə, tədbirlərdə fəal iştirak edəcəklər. "Nizami ili" ilə bağlı Azərbaycan Yazıçılar Birliyi də bir sıra tədbirlər həyata keçirəcək. Biz katiblikdə yığışıb müzakirə edəcəyik, plan tutacağıq. Belə fikir var ki, “Nizami ili” bu il Gəncədə - Göygöldə keçirilsin. Daha dəqiq desəm, Göygöldə şeir festivalı keçirmək istəyirik.