Mənim mənəvi qardaşım, böyük dostum - Barat Vüsalın 70 illiyinə...


Qazaxda kiçik bir otaq vardı. Dahilərimizin,Azərbaycanın əyilməz başı Vaqifin,ruhani atası Vidadinin,Cahandar ağası İsmayıl Şıxlının, özü bütövlükdə Azərbaycan olan Vurğunun ruhları yaşayırdı,o otaqda. Saz - söz ocağıydı, o otaq. Söhbət AYB - nin Qazax zona filialının yerləşdiyi kiçik otaqdan gedir. 1995 - ci ilin yay ayları idi. Əlimdə cızma - qara yazılarım həmin otağın qapısını döydüm. İçəridən zəhmli bir səs "gəl" dedi. Ürəyim əsə - əsə içəri keçdim. Zəhmli səslə bərabər zəhmli görünüş ürəyimin əsməsini daha da artırdı. Lakin, o ilk tanışlğın sonunda daxilən yumşaq olan, böyük və saf bir qəlbə malik bir insanla tanış olduğuma çox şad olmuşdum.

O gündən həmin insan mənim mənəvi qardaşım, böyük dostum, müəllimim həm də böyük dəstəkçim oldu. 26 il ötür o gündən..(İndi o kiçik otağın yerində möhtəşəm bir Ədəbiyyat muzeyi var.)

Kişi kişiliyi yaşadar canda,
Tarixdə kişilər qəhrəman olur.
Ocağın başında kişi duranda,
Torpağı qorumaq çox asan olur.

Bu gün həmin muzeydə o saz - söz ocağının başında məhz belə kişilərdən biri,elə həmin üzdə zəhmli , daxilən yumşaq olan insan, AYB nin Qazax zona filialının sədri,"Əməkdar İncəsənət Xadimi", böyük ürəkli,böyük şair mənim mənəvi qardaşım Barat Vüsal durur. Bir vaxtlar o balaca otağı necə qəlbinin hərarəti ilə isidirdisə, bu gün də o , böyük Ədəbiyyat muzeyini qəlbinin hərarəti ilə isidir Barat müəllim.

Demirəm bu boyda göydə mənimdi,
Deyirəm bu yer də, gö də mənimdi.
Sərhəddi olmağa növbə mənimdi,
Bu Vətən bu saat məndə yaşayır.

Vətəni özündə yaşadan şairin Vətənpərvərlik mövzusunda yazdığı şeirləri oxuyan hər kəs,yaşından asılı olmayaraq silah götürüb düşmən üstünə getmək istəyir. Bu məqamda şair deyir:

Gərək bu gün poladdan qolum-qanadım olsun,
Vətənin dar günləri məhşər saatım olsun.
Vətənin qarşısında bu əsgər andım olsun,
Mən ayağa qalxacam,yarama torpaq tökün.

Barat müəllim özünü hər an əmrə hazır bir əsgər hesab edib. Barat müəllim 44 günlük Vətən müharibəsində oğullarımızın göstərdikləri qəhrəmanlıqlara,böyük Qələbəmizə,Şəhidlərimzə sisilə şeirlər yazıb.

Şəhid qəbirləri üstə yellənən Bayraqları görün,
muştuluq verin.
Vətənin bir qarış torpağı üstə
Təku mən də ölüm..muştuluq verin.

Barat Vüsal həmdə ruh şairidir. Onun şeirləri sanki, insanın ruhundan süzülüb keçir.

Adam da yazıqdı, Vətən də yazıq.
Qəriblik güc gəlib,könül dolanda,
Yazanda şeiri Qazaxda yazıb,
Göyçədə çalasan, sazı çalanda.

Barat müəllimin mayası saz, laylası saz olub. Onun gözünü saz açıb bu dünyaya.

Barat ərş üzünə qalxıb,görürəm.
Şeyranı yandırıb-yaxıb ,görürəm.
Sözdü gözümdəki gur işıq, aşıq,
Mənim də gözümü saz açıb, aşıq. 

Barat Vüsalın "Utancaq pəncərəsindən"boylananda isə onun həm də könül şairi olduğunu görürük.

Bu dünyaya nahaq gəldik,
Öyümüzü nahaq uıxdıq,
Könlümüzdən nahaq çıxdıq,
Gəl qayıdaq könlümüzə.

Ömrünü Qazaxda yaşayan Barat Vüsalın yolu haq yolu,iman yoludur. Ömür bitər,amma Barat Vüsalın yolu bitməyəcək. Şairin məramı,məqsədi dinə,ruha söykənərək övliyaların yolu olə getmək olub.

Bu gün Barat Vüsal bir Ruh gəmisində, Eşq vadisində Sidrətil -Müntəhayə doğru gedir. Bu yolda böyük şairə uğurlar,yeni-yeni yaradıcılıq naliyyətləri arzulayıram.

Barat müəllim ömrünün 70 ci baharını yaşayır. Bu əziz gün münasibəti ilə əziz qardaşım Barat Vüsalı ürəkdən təbrik edirəm. Möhkəm can sağlığı və ailəsi ilə birlikdə xoş günlər yaşamasını diləyirəm.
Eşq olsun elimin-obamın fəxri,böyük şairi Barat Vüsala.100 yaşa qardaş!



Müəllif: Hicranə Əhmədqızı