“Adətən siyahıyaalınma prosesi ölkənin sosial-iqtisadi inkişafının perspektivlərinin müəyyənləşdirilməsi üçün keçirilir”. Bunu Sherg.az-a açıqlamasında “Milli.az” saytının baş redaktoru, siyasi şərhçi Anar İmanov deyib.
Baş redaktor bildirib ki, bir çox ölkələrdə zaman-zaman siyahıyaalınma prosesi keçirilir:
“Rusiyada 10 ildə bir dəfə, Kanadada - hər 5 ildən bir proses təkrarlanır. Siyahıyaalınma prosesi və əldə olunan informasiya əhalinin necə şəraitdə yaşadığını, gələcək illərin perspektivlərini müəyyənləşdirməyə imkan yaradır. Yəni siyahıyaalınma prosesi tək statistik proses deyil, həm də iqtisadi və sosial inkişafın mühüm bir amilidir. Bundan başqa siyahıyaalınma prosesi ölkənin tarixi haqda mühüm məlumat deməkdir. Bundan sadəcə biz yox, həm də gələcək nəsillər faydalanacaq. Əldə olunan məlumat nəticəsində işsizliyin daha çox hansı sferalarda çox olduğunu öyrənib, o sferalarda iş yerlərinin artırılması üçün müəyyən fəaliyyət həyata keçirmək mümkündür. Həmçinin, uşaqlar haqda məlumatlar öyrənməklə uşaqların daha çox yaşadığı ərazilərdə məktəblərin tikintisini sürətləndirmək olar. Eyni hal həm də digər sosial obyektlərin tikilməsi üçün vacibdir. Məsələn xəstaxanaların tikintisini də bu proseslə intensive hala gətirmək olar. Eyni zamanda pensiya yaşına gəlmiş insanların sayını öyrənəndən sonra pensiya ilə məşğul olan dövlət strukturlarının işini daha da təkmilləşdirmək mümkündür. Yəni siyahıyaalınma prosesinin nəticəsində əhalimizin yaxşı yaşayışı üçün bütün amillər nəzərə alınır”.
Anar İmanov: "Bu dəfə suallar daha geniş formada tətbiq edilməklə yanaşı, ilk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı təyin edilib"
A.İmanov vurğulayıb ki, oktyabrın 1-dən 10-dək keçirilən əhalinin növbəti siyahıyaalmasında sorğu vərəqəsində 46 sual, siyahıyaalma vərəqəsində isə 6 sual olmaqla ümumilikdə 52 sual öz əksini tapıb:
“Bu dəfə suallar daha geniş formada tətbiq edilməklə yanaşı, ilk dəfə olaraq insanların sağlamlığı, eləcə də əlilliyi və sağlamlıq imkanlarında məhdudluqla bağlı təyin edilib. Sonda Prezident İlham Əliyevin sözlərini bir daha xatırlatmaq istəyərdim: “10 gün ərzində Azərbaycan əhalisinin tam şəkildə siyahıyaalınma prosesi başa çatacaq və bizə iqtisadi inkişafla, infrastrukturla, miqrasiya və əmək resurslarının artımı ilə bağlı yeni məlumat verəcək ki, gələcək inkişafımızı necə planlaşdıraq”.