“1993-cü il oktyabrın 3-ü müasir Azərbaycan tarixinin həm dönüş, həm də "olum ya ölüm?" sualına cavabın tapıldığı nöqtədir”. Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, 1993-cü ildə bütövlükdə Azərbaycanın varlığı, suverenliyi böyük bir təhlükə ilə üz-üzə qalmışdı:
“Ölkə daxilində sözün əsl mənasında xaos hökm sürürdü. Necə deyərlər “heç kim heç kimin kitabını oxumurdu”. Dövlət qurumları öz funksionallığını itirmişdi. Cəbhə hakimiyyətinin bəzi rəhbər şəxsləri hətta ifrata varıb öz vəzifələrini “dondurmuşdular”. Azərbaycan siyasi anarxiyanın, hərcmərcliyin ağuşunda çabalayırdı. Separatçılıq meylləri kritik dərəcəyə qədər güclənmişdi. Ölkənin cənub və şimal bölgələrində xırda etnik dövlətlər yaratmağa çalışan qüvvələr akrivləşmişdilər. Bu isə xaricdən də böyük təhdidlərlə üzləşməyimizə münbit zəmin yaradırdı. Azərbaycanın müstəqil dövlət kimi mövcud olmasını istəməyən ölkələr daxildəki separatçı qüvvələrin əliylə suverenliyimizə son qoymaq istəyirdilər. Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağı və ətraf rayonları ələ keçirmək cəhdləri də gün-gündən intensivləşirdi. Düşmən hətta Gəncəni də işğal etmək niyyətlərini açıq-aşkar bəyan edirdi. Cəmiyyətdə böyük bir vahimə və məğlubluq hissi hakim kəsilmişdi”.
Ə.Hüseynov vurğulayıb ki, Heydər Əliyev məhz belə bir kritik məqamda yenidən hakimiyyətə qayıdıb:
“Heydər Əliyev xalqın istəyi ilə qayıtdı. İnsanlarımız Heydər Əliyevə xilaskar kimi baxırdılar. Mən bütün bunların canlı şahidiyəm. Həmin günləri heç vaxt unuda bilmərəm. 1993-cü il oktyabrın 3-də xalqımız özünün gələcək taleyini həll edən seçim etdi və Heydər Əliyev prezident seçkilərində çox böyük üstünlüklə qələbə qazandı. Xalq birmənalı şəkildə Ulu öndərə dəstək verdi. Çünki hər bir insanımız bilirdi ki, bu ağır dönəmdə ölkəyə və millətə sahib çıxa biləcək yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Zaman da xalqımızın bu seçiminin doğru seçim olduğunu təsdiqlədi”.