Ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet layihələrin maliyyələşdirilməsi məqsədilə 2019-cu il iyulun 1-nə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 12,2 milyard dollarlıq kredit sazişləri imzalanıb.
APA -nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Layihəyə əsasən, bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği şərti maliyyə öhdəlikləri (təxminən 10,0 faiz) daxil olmaqla 8,9 milyard dollar olub.
İmzalanmış müqavilələrə uyğun olaraq, xarici dövlət borcunun 41,8 faizi 10 ilə qədər olan müddətdə, 53,1 faizi 10 ildən 20 ilə qədər olan müddətdə, 5,1 faizi isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.