Suriyanın neft yataqlarının təhlükəsizliyinin təminatı üçün ABŞ hərbi missiyasının genişləndirilməsi Suriyanın resurslarına giriş əldə etmək cəhdidir. Bu, oxşar məqsədlər üçün digər dövlətlərin ərazisini işğal edən Adolf Hitlerin fəaliyyətini xatırladır.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Rusiya Dumasının Müdafiə Komitəsinin birinci müavini Aleksandr Şerin deyib.
“ABŞ-ın mövqeyi Hitlerin mövqeyindən heç nə ilə fərqlənmir. O da öz dövlətinin iqtisadiyyatının yaxşılaşdırılması üçün başqa dövlətlərin ərazisini işğal edirdi. Ona görə də bu, artıq tanış hərbi müdaxilə siyasətidir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Tramp ABŞ-ın artıq yarım əsrdir apardığı demokratiya görüntüsü altında resurslara giriş əldə etməyə yönələn siyasətini davam etdirir:
“Bu, dövlətlərin resurslarına giriş əldə etmək və onları pulsuz istifadə etmək cəhdidir. Onlar Adolf Hitlerin Bakı neftinə can atdığı kimi Suriyanın neftinə can atırlar”.