Həmsədrləri prosesə qoşmağa imkan vermək olmaz

"Rusiya təkbaşına Bakını güzəştə getməyə məcbur edə bilmədiyi üçün prosesə Vaşinqtonu və Brüsseli qoşmaq istəyir"

"Birmənalı dərk etmək lazımdır ki, Laçın dəhlizi nəzarətimizdə olmayanadək bu cür təxribatların şahidi olacağıq"

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağla bağlı proseslərdə yenə də rol oynaya biləcəyini söyləyib. Nazir vurğulayıb ki, birgə Bəyanat Minsk prosesi çərçivəsində illər ərzində hazırlanan fikir və prinsipləri böyük ölçüdə ehtiva edir. XİN rəhbərinin sözlərinə görə, Minsk qrupunun fəaliyyətinə imkan yaratmaq olar, ancaq həmsədrlər konstruktiv olmalı və keçmişdə baş verənlərdən dərs almalıdırlar. Çavuşoğlu Cənubi Qafqazda davamlı sülhü təmin etmək üçün fürsət yarandığını deyib.

Xatırladıb ki, Ermənistanın hücumlarına baxmayaraq, Azərbaycan sürətli və qətiyyətli şəkildə özünü müdafiə etdi. İşğal altındakı torpaqlarının əhəmiyyətli bir hissəsini nəzarət altına aldı və müharibə 44 gün sonra Azərbaycanın qələbəsi ilə başa çatdı. XİN rəhbəri bölgədəki sabitliyin erməni xalqı və Ermənistan üçün də faydalı olacağını qeyd edib:

“Bu səbəblə Azərbaycanın 6 ölkənin iştirakı ilə regional format təşəbbüsünü dəstəkləyirik. Bu, barış və rifah üçün regional mülkiyyəti artıracaq”. Türkiyə xarici işlər naziri atəşkəsin olduqca önəmli olduğunu bildirib: “Bundan sonra erməni tərəfinin bu razılaşmalara əməl etməsini gözləyirik. Yerevan macəralardan qaçmalı və uzunmüddətli siyasi nizamlanmanın təmin olunmasına çalışmalıdır”. Çavuşoğlu əlavə edib ki, üçtərəfli bəyanat yerinə yetirilərsə və Azərbaycan-Ermənistan dialoqu baş tutarsa, bu, şübhəsiz ki, Ankara və Yerevanın münasibətlərinə də müsbət təsir edəcək: “Regionda sabitlik erməni xalqı və Ermənistanın maraqlarına cavab verir. Biz regionu bütün ölkələrin vahid əməkdaşlıq zonası kimi görürük. Ona görə də Azərbaycanın regionda 6 tərəfli əməkdaşlıq platformasını dəstəkləyirik. Bu, sülhə və regionun bütün sakinlərinin rifahına müsbət təsir edəcək”. 



Türkiyə XİN rəhbərinin bəyanatını “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, Moskvadakı üçtərəfli görüşdə Prezident İlham Əliyev münaqişənin keçmişdə qaldığını bəyan etdi. Analitik vurğulayıb ki, ölkə rəhbəri Bakıda ATƏT-in Minsk qrupunun həmsədrlərini soyuq qarşıladı və onları tənqid etdi:

“Əgər “Dağlıq Qarabağ münaqişəsi” bitibsə, o halda Minsk qrupunun burada görəcəyi bir iş qalmayıb. Həmsədrlərin fəaliyyəti rəsmi Bakının və Ankaranın maraqlarına cavab vermir. Düzdür, Paşinyan Moskva görüşündə Minsk qrupu məsələsini qaldırdı. Məncə, bu da Yerevanla Kreml arasında razılaşdırılmışdı. Rusiya təkbaşına Bakını güzəştə getməyə məcbur edə bilmədiyi üçün prosesə Vaşinqtonu və Brüsseli qoşmaq istəyir.

Ona görə də həmsədrlərin, başqa kənar qüvvələrin hadisələrə müdaxiləsinə imkan verməməliyik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün anons verdi ki, Cənubi Qafqazda məsələlər elə həll olunmalıdır ki, bölgədə hansısa sülhməramlıya, vasitəçilərə ehtiyac qalmasın. Bölgədəki problemlər Türkiyənin iştirakı ilə region ölkələri çərçivəsində həll edilməlidir”. 

Ə.Məmmədli bildirib ki, Ermənistanın siyasi rəhbərliyi normal qonşuluq münasibətlərində maraqlı görünmür:

“Ölkənin Xarici işlər naziri Ara Ayvazyanın Qarabağa qanunsuz gəlişindən sonra Ermənistanın hərbi prokuroru və baş prokurorun müavini də Qarabağa gələrək sülhməramlıların rəhbəri, həm də separatçılarla görüşüb, onlara hədiyyə verib, təltif edib. Bu cür səfərlər Azərbaycan ictimaiyyətini ciddi narahat edir və ermənilərin razılaşmanın bütün şərtlərinə əməl edəcəyinə şübhə yaradır. Birmənalı dərk etmək lazımdır ki, Laçın dəhlizi nəzarətimizdə olmayanadək bu cür təxribatların şahidi olacağıq. Bu cür addımların atılması və onlara göz yumulması regionda sülh və sabitliyə xidmət etmir”.