“Kremlin bu istəyi "sülhməramlı" missiyasına xələl gətirir”
“Bu da Rusiyanın sülh və sülhməramlı missiyasında səmimi olmadığını göstərir"
Ötən həftə Prezident İlham Əliyev yerli və xarici jurnalistlər üçün mətbuat konfransı keçirib. Kifayət qədər əks-səda doğuran mətbuat konfransında prezident bir neçə mühüm məqama toxunub.
Jurnalistlərin suallarını cavablandıran dövlət başçısı Rusiyanın Ermənistan ordusunu müasirləşdirmək istəyinə belə münasibət bildirib:
“Bu yaxınlarda səhv etmirəmsə, Ermənistan prezidenti və Rusiyadakı Ermənistan səfiri demişdi ki, Rusiya Ermənistan ordusunun müasirləşməsində iştirak edəcək. Nəyə görə?! Hansı məqsədlə? Buna elə bir ehtiyac yoxdur...
Belə bir hakimiyyətə dağıdıcı silah vermək olarmı? Bizim əsas hərbi texnikamız Rusiya istehsalı olan texnikalardır. Ermənistandan fərqli olaraq, biz heç vaxt Rusiya istehsalı olan texnikadan şikayətlənməmişik. Bu, dünyada ən yaxşı texnikalardan biridir. Sadəcə, düzgün əllərdə olmalıdır ki, sonra kimisə ittiham etməyəsən”.
Prezidentin çıxışını şərh edən siyasi analitik Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan ordusunun müasirləşdirilmə cəhdləri absurddur:
"Bu heç bir halda regionda sülhə, əməkdaşlığa və dostluğa xidmət etməyəcək. Çox maraqlıdır, nəyə görə Ermənistan ordusunu müasirləşdirməyə ehtiyacı duyur? Regionda sülhməramlı missiyasını həyata keçirən Rusiya nə üçün onlara kömək göstərmək istəyir? Hazırda Ermənistanın münaqişədə olduğu ölkə yoxdur. Nə Gürcüstan, nə İran, nə də Türkiyə ilə açıq münaqişədədir. Yeganə ölkə Azərbaycan idi, biz də müharibəni bitirmişik, sülh bəyanatı imzalanıb. İndi isə Ermənistan silahlandırılır. Kimə qarşı? Aydındır ki, Azərbaycana qarşı modernizasiyaya gedilir. Əgər Ermənistan sülh bəyanatına münasibətdə səmimidirsə, onda niyə Ermənistan ordusunu müasirləşdirir?".
T.Rzayev bildirib ki, Rusiyanın buradakı rolu çox qəribədir və ağılsız gedişlər edilir:
"Guya, sülhün bərqərar olması üçün addımlar atır. Eyni zamanda müharibə tərəflərindən birini silahlandırır. Bütün bunlar müharibəyə və məhrumiyyətə səbəb olacaq addımlardır. Ermənistan ordusu nə qədər müasir olsa belə onları əzib keçəcək mütləq üstünlüyümüz var. Bu sadəcə olaraq Ermənistan əhalisinin boğazından kəsib, dolanışıq pulunu mənasız silahlara xərcləmək deməkdir. Çünki onların silah-sursata xərclədiyi milyardlar heç bir effekt vermədi".
Siyasi analitik sonda əlavə edib ki, ölkə rəhbəri də çıxışında açıq şəkildə bu addımın mənasız olduğunu, sülhə xidmət etmədiyini bildirib:
"Ermənistan milyardlarla silah istifadə edib, lakin uğura imza ata bilməyib. Onlar bu silahlar üçün pul verməyiblər. Çünki kimsə hədiyyə edib. Bəllidir ki, həddiyə edən tərəf Rusiyadır. İndi də Rusiyanın Ermənistan ordusunu müasirləşdirmək istəyi "sülhməramlı" missiyasına xələl gətirir. Biz onlara humanistlik göstəririk, müəyyən yükləri rahat daşımaq üçün Gəncə aeroportundan istifadə etmələrinə imkan yaradırıq. Digər tərəfdən isə Ermənistan ordusunu müasirləşdirmək istəməsi sülhün təmin olunmasına əsas vermir. Bu da Rusiyanın sülh və sülhməramlı missiyasında səmimi olmadığını göstərir".