15 yaşı tamam olmamış uşaqların əməyə cəlb olunması cinayət əməlidir


Övladlarını baxımsız vəziyyətdə saxlayan, onların gündəlik tələbatlarını ödəyə bilməyən valideynlər valideynlik hüququndan məhrum edilə bilər

Ölkədə valideynlik hüququndan məhrum edilmiş nə qədər şəxs var, görəsən? Bəs övladlarını dilənməyə məcbur edən valideynlərin sayı nə qədərdir? Suallara dəqiq cavab tapılmayacağını biz də bilirik. Amma yenə də suallarsız keçinmək mümkün deyil. Antisanitar şəraitdə, baxımsız, ac-yalavac qalan körpələr barədə məlumatlar insanın ürəyini parçalayır.


Sosial şəbəkələrin bu işi təqdir olunandır ki, belə uşaqlar, körpələr barədə fotolar, videolar paylaşılır, məlumat yayılır, hüquq-mühafizə orqanları da müvafiq əməliyyat tədbirləri keçirirlər. 2 ay əvvəl Xırdalan şəhərində baxımsız qalmış 4 azyaşlı Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirildi. Ana barəsində də “valideynlikdən məhrumetmə” iddiası ilə məhkəməyə müraciət edildi. Belə faktların son zamanlar artması acı həqiqətdir. Bir gün əvvəl Baş Prokurorluğun növbəti məlumatı yayılıb. Məlumatda qeyd edilir ki, bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Suraxanı rayonunda Qaraçuxur məscidinin qarşısında iki yaşlı uşağın valideynləri tərəfindən diləndirilməsi barədə məlumatlar yayılıb. Qeyd edilənlərlə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılaraq Suraxanı rayonu ərazisində yaşayan QİÇS və narkomaniya xəstəliklərindən əziyyət çəkən Arzu Mehdiyeva ilə Valeh Balacayevin faktiki nikahından doğulmuş 2019-cu il təvəllüdlü qızlarının həyatı üçün təhlükənin olması müəyyən edilib. Bundan başqa, CTKİ-də daha iki azyaşlı uşağın Nərimanov rayonu ərazisində diləndirilməsi və antisanitar şəraitdə yaşaması ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb. Yoxlama zamanı valideynləri narkotik vasitələrin istifadəçisi olan iki azyaşlı uşağın küçələrdə dilənməyə sövq edilməsi, həmçinin baxımsız, antisanitar və sosial təhlükədə saxlanılması müəyyən edilib. Mülki-prosessual və ailə qanunvericiliyinin, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə müvafiq olaraq qeyd edilən hər iki halda Baş Prokurorluq tərəfindən azyaşlı uşaqların gələcək təhlükəsizliyini təmin etmək məqsədi ilə onların valideynlərinin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə müvafiq rayon məhkəmələri qarşısında mülki iddialar qaldırılıb.

Övladlarına qulluq göstərə bilməyən, körpələri baxımsız saxlayan, həmçinin, azyaşlıları məcburi əməyə cəlb edənlərə qarşı bundan sonra daha sərt qərarlar qəbul ediləcək. Bunun hüquqi əsasları varmı?

“Şərq”ə açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquq müdafiəçisi Əliməmməd Nuriyev qeyd etdi ki, məsuliyyətsiz valideynlərin cəzalandırılması üçün kifayət qədər hüquqi baza mövcuddur:

- Uşaqların hüququ ilk növbədə Azərbaycan Konstitusiyası ilə qorunur. Həmçinin, qanunverici aktlar, Ailə Məcəlləsi, “Uşaq hüquqları haqqında” qanunun tələbləri, ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalarla. Uşaqların hüquqları, mənafeləri hər şeydən üstündür. Uşaq hüquqlarının pozulması halları ilə bağlı qərar qəbul edənlər də bunu nəzərə almalı və uşaq hüquqlarını pozan, onların həyat və sağlamlığına təhlükə törədən şəxslər – istər öz valideyni olsun, istərsə yad birisi, ən ağır şəkildə cəzalanmalıdır. Valideynin vəzifəsi uşağın hüquqlarını tanımaq və onlara hörmət etməkdir. Biz belə düşünürük ki, qadın dünyaya körpə gətirirsə, onun anasıdır, analıq hissləri ən üstün hisslərdir və bu hisslərdən çıxış edərək qadın körpəsinə baxır, qulluq edir, qoruyur. Bunlar təbii hisslərdir. Bir də var, qanunun hər bir insan qarşısında qoyduğu vəzifə və öhdəlik. Dünyaya körpə gətirən qadın, həmçinin körpənin dünyaya gəlməsində iştirak etmiş kişi – hər ikisi bu uşağın gələcəyi, sağlamlığı üçün öhdəlik daşıyır, konkret vəzifəyə malikdirlər. Bu da valideynlik vəzifəsidir. Bu vəzifəni icra edə bilməyən, etmək istəməyən, üstəlik, cinayət tərkibli əməl törədənlər ağır cəzalanmalıdırlar. Övladlarını baxımsız vəziyyətdə saxlayan, onların gündəlik tələbatlarını ödəyə bilməyən valideynlər valideynlik hüququndan məhrum edilə bilər. Buna qanunvericilik icazə verir. Uşağa qarşı zorakılıq, baxımsız vəziyyətdə saxlamaq, uşağı məcburi əməyə cəlb etmək konkret cinayət məsuliyyəti nəzərdə tutur. “Uşaq hüquqları haqqında” qanuna görə, uşaq 15 yaşından sonra əməyə cəlb edilə bilər. 15 yaşı tamam olmamış uşaqların əməyə cəlb edilməsi cinayət əməlidir. Etiraf edək ki, bu məsələdə bizim hər birimizin səhlənkarlığı var. Hər birimiz bəlkə də hər gün küçələrdə dilənən körpələri görürük, onların “arxasında” böyüklərin dayandığını da bilirik. Körpələr gah “anaların” qucağında, gah asfaltın üzərində, gah metro keçidlərində dilənir. Yeni-yeni üsullar, vasitələr tapır yüngül qazanc həvəskarları. Salfetləri verirlər uşaqların əlinə, onlar da küçə ilə keçib-gedənlərdən almalarını xahiş edirlər. Ürəyimiz dözmür, uşağın kiçik əllərindən salfet alırıq, dayanmasın küçədə, satıb qurtarsın evinə getsin. Amma ertəsi gün eyni iş təkrar olunur, o uşağı yenə gətirib qoyurlar hansısa əraziyə. Bir başqası körpəyə acımadan avtobusdan-avtobusa minib-düşür, “uşağım xəstədi, dərman üçün pul lazımdı”. Biri inanır, pul verir, birinin yazığı gəlir, biri də “bunlar fırıldaqçıdırlar”, deyib üzünü çevirir. Mən maddi baxımdan ehtiyaclı, sosial şəraiti ağır olanların mövcudluğunu danmıram. Lakin bu gün ölkəmizdə sosial yönümlü proqramlar da kifayət qədərdir. Ünvanlı sosial yardımlar var, aztəminatlı ailələrə yardım proqramları var. Ailələr bu proqramlardan bəhrələnə bilər, rəsmi şəkildə aidiyyətli qurumlara müraciət etməklə yardım ala bilərlər. Hüquq-mühafizə orqanları əməliyyat keçirir və aydın olur ki, uşaqları baxımsız vəziyyətdə qalmış valideyn narkotik istifadəçisidir, bəzən psixoloji problemləri olanlar da müəyyənləşir. Nizamsız, səfil həyat keçirənlər də olur. İstənilən halda araşdırma aparılmalı və uşaqların hansı vəziyyətdə yaşadığı öyrənilməli, buna uyğun da qərar verilməlidir.

Ə.Nuriyev bu məsələdə cəmiyyətin üzərinə məsuliyyət düşdüyünü bildirdi:

- Bayaq xatırlatdım, rastlaşdığımız hallara qarşı biganə olmamalıyıq. Ailənin digər üzvləri, qohumlar, qonşular uşaqların istismarı, onlara lazımi qulluq göstərilməməsi barədə məlumata malikdirlərsə, hüquq-mühafizə orqanlarına bildirməlidirlər. Söhbət kasıblıqdan, dolanışıq çətinliyindən getmir. Məsələ uşaqların istismarıdır. Uşaq əməyinin istismarı insan alverinin tərkib hissəsi kimidir. Faktiki əməyin alveri gedir. Uşaqlardan qazanc məqsədilə istifadə edirlər. Burda həm əməyin istismarı, təhsildən yayındırma, həm də məişət zorakılığına görə cinayət məsuliyyəti var. Ağırlaşdırıcı hal kimi belə valideynlərə sanksiyalar da tətbiq edilə bilər. Avropa ölkələrində bu məsələlərə daha çevik reaksiya verilir. Hansısa ailədə uşağın istismarı məlum olursa, qonşular dərhal polisə xəbər verir, valideynin hüququn əlindən alınması proseduru başlayır. Uşaqlar da dövlət müəssisələrinə təhvil verilir. Qardaş Türkiyədə də belədir. Müxtəlif hallar – valideynlərdən birinin, yaxud hər ikisinin olmaması, körpəyə qulluq edəcək yaxın

qohumun olmaması və ya körpəyə lazımi qulluq göstərilməməsi, uşağın istismarı aşkarlandıqda dövlət hərəkətə keçir və uşaq dövlət müəssisəsinə yerləşdirilir. Bizdə də qanunvericilik buna imkan verir. Lakin bizim cəmiyyət aktiv deyil. Başqasının işinə baş qoşmağı doğru saymır. Halbuki, məsələ uşağın həyatı və hüquqlarıdırsa, bu, başqa birisinin həyatı deyil artıq, cəmiyyətin məsələsidir.

Valideynlik hüququndan məhrum edilənlərin statistikasına gəlincə, Ə.Nuriyev qeyd etdi ki, bu rəqəmlər Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumat bazasında toplanmalıdır:

- “Məişət zorakılığı haqqında” qanunda qeyd edilir ki, baş vermiş faktlarla bağlı məlumat bazası yaradılmalıdır və bu vəzifə Komitəyə tapşırılır. Yerli icra hakimiyyəti orqanlarının müvafiq şöbələri məlumatları toplayıb Dövlət Komitəsinə göndərməlidir ki, məlumat bazası formalaşsın. Bu iş nə dərəcədə yerinə yetirilir, hələ məlum deyil.

Ə.Nuriyev yaxın günlərdə Dövlət Komitəsi ilə bu məsələni müzakirə edəcəklərini də qeyd etdi.