Türkiyəyə peşəkar diplomat təyin olundu


Rəşad Məmmədov Qazaxıstanda Azərbaycan üçün çox işlər görüb

O, Türkiyə və Azərbaycan diplomatiyasında da yeni səhifə açacaq


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Rəşad Məmmədov Azərbaycanın Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Uzun müddət diplomatik fəaliyyətlə məşğul olan Rəşad Məmmədov 1973-cü ildə Gəncə şəhərində anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.

2002-2004-cü illərdə G.Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib. 2017-2020-ci illərdə Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib. O, əmək fəaliyyətinə 1990-1992-ci illərdə Ədliyyə Nazirliyinin Aparatında kargüzar kimi başlayıb. Bir müddət hərbi prokurorluq sahəsində çalışdıqdan sonra 2000-2001-ci illərdə Xarici İşlər Nazirliyinin MDB idarəsində attaşe, Azərbaycanın Rusiya səfirliyində ikinci katib, 2006-2008-cı illərdə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsulluq hüquq məsələləri şöbəsinin müdiri işləyib. Rəşad Məmmədov 2010-2015-ci illərdə Azərbaycanın Qazaxıstanın Aktau şəhərindəki baş konsulu, 2015-ci ildən bu təyinatadək Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri olub. 

Qazaxıstanda səfir işləmiş Rəşad Məmmədovu kifayət qədər yaxşı tanıdığını bildirən araşdırmaçı-jurnalist Aida Eyvazlı Göytürk “Şərq”ə açıqlamasında diplomatın gördüyü önəmli işlərdən söz açıb. Jurnalist səfirin fəaliyyətini yüksək dəyərləndirib:

“2007-ci ildə, Azərbaycan Dövlət Televiziyasının Mərkəzi Asiya respublikaları üzrə xüsusi müxbir postunun rəhbəri olduğum zaman eşitdim ki, Qazaxıstanın Aktau şəhərində baş konsulluğumuz açılıb. Getdim, gördüm ki, baş konsul gənc və yaraşıqlı bir oğlandır. Amma şərait qənaətbəxş deyildi, düz-əməlli otaq, heç oturmağa stul belə yox idi. Rəşad müəllimi həmin gün tanıdım. Qısa zamanda dövlət orqanlarının rəhbərləri ilə yüksək münasibətlər qurmağa başladı. Hər baş konsul belə işləməyi bacarmazdı. Rəşad Məmmədov Aktauda baş konsulluq vəzifəsini elə yüksək səviyyədə icra etdi ki, Qazaxıstandakı səfirliyimizi belə geridə qoydu. Aktauda bir azərbaycanlının hüquqları pozulmuşdu. Rəşad Məmmədov vilayətin rəhbəri və polis rəisi ilə görüşüb demişdi ki, Azərbaycan vətəndaşına qarşı artıq-əskik hərəkət edənlər qarşılarında onu görəcək. Demişdi ki, o, Qazaxıstanda Azərbaycan dövlətini təmsil edir. Qanunsuz həbs olunan vətəndaşlarımızı da azad etdirmişdi. Hər şeydən öncə çox gözəl, möhtəşəm insandır. Həmçinin, siyasi-iqtisadi əlaqələr qurmağı bacaran peşəkar diplomatdır”.

A.Eyvazlı Göytürk bildirib ki, Rəşad Məmmədov DİN-in təsisatlarını Aktauya gətizdirərək Azərbaycan vətəndaşlarına rahat şəkildə və rüşvətsiz pasport almağına imkan yaratmışdı: “Dövlətlərarası əlaqələrdə böyük layihələrə imza atmışdı.

Dostluq qrupları yaratmışdı. Bütün bölgələri gəzirdi və bir nəfər də olsun Rəşad müəllimin diqqətindən kənarda qalmırdı. Dövlətlərarası münasibətləri, ölkələr arasındakı dostluq körpüsünü məhz səfirlər yaradır. Rəşad Məmmədov 2015-ci ildə Qazaxıstana səfir təyin olunandan sonra Azərbaycan-Qazaxıstan münasibətləri yüksək mərhələyə qədəm qoydu. Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsində, tarixi əlaqələrimizin dirçəlməsində müstəsna rolu, danılmaz xidmətləri olub. Bəzən iki dövlət rəhbərinin yaxın dostluq münasibətləri olur, amma səfirlik missiyasını yerinə yetirən şəxs həmin ölkədə elə mənfi iş görür ki, dostluq telləri pozulur”. 

Araşdırmaçı-jurnalist vurğulayıb ki, Rəşad Məmmədov Qazaxıstanda Azərbaycan üçün çox işlər görüb:

“Azərbaycan haqqında çoxsaylı kitablar nəşr etdirib. Bir-birinə düşmən kəsilmiş diaspora təşkilatlarını dost etməyi bacardı. Bundan əlavə öz mükəmməl fəaliyyəti ilə başqa ölkələrin diasporalarını da Azərbaycana dost edib. Məlumdur ki, 44 günlük Vətən savaşının ilk günündə Qazaxıstanın sərgilədiyi mövqe bizi qane etmirdi. Ölkə mediasının qapıları üzümüzə bağlanmışdı, Azərbaycan həqiqətləri ilə bağlı heç nə dərc etməyə imkan vermirdilər. Rəşad müəllim bir həftə ərzində sözün həqiqi mənasında fırtına yaratdı. Nəticədə bütün Qazaxıstan xalqı Azərbaycan üçün ayağa qalxdı. Sosial şəbəkələrdə Azərbaycan nidaları yüksəldi, yanımızda olduqlarını bəyan etdilər. Ölkə vətəndaşları qəhrəman hərbçilərimizin, generallarımızın fotolarını öz profillərinə yerləşdirdilər. Səfirlik önünə toplaşaraq döyüşmək üçün Azərbaycana gəlmək niyyətində olduqlarını bildirdilər. Tanınmış media orqanlarının hamısı Azərbaycandan yazmağa başladı. Qazaxıstandan  jurnalistlər, blogerlər, yazıçılar, şairlər Azərbaycana qonaq gəlib, Zəfərimizi gözləri ilə gördülər. Elə noyabr ayında Bərdəyə, Gəncəyə, Tərtərə səfər etdilər. Zəfərimizdən iki film çəkdilər. Bütün bunların reallaşmasının səbəbkarı Rəşad Məmmədov idi. O, fövqəladənin fövqündə dayanan bir diplomatdır. Qazaxıstandan ayrılmağa bir neçə gün qalmış həmin ölkənin prezidenti tərəfindən “Dostluq Ordeni” ilə təltif olundu. Bax, budur əsl dostluğun təntənəsi. Rəşad Məmmədov Azərbaycanı çox gözəl təmsil edib. İnanıram ki, Türkiyədə də daha yeni, daha gözəl münasibətlərin yaranmasına nail olacaq. Hamı Rəşad müəllimin nəyə qadir olduğunu görəcək. Türkiyə və Azərbaycan diplotamiyasında yeni səhifə açılacaq və hamı bunun şahidi olacaq”.