Yanğınlar qəsdən, terrorçular tərəfindən törədilib

İllərdir eyni taktika ilə Türkiyəni zəiflətməyə, təzyiq altında saxlamağa çalışırlar

"Türkiyə mediası da sabotaj versiyası üzərində dayanır. Ehtimallara görə, yanğını törədənlər Yunanıstandakı düşərgələrdə təlim görən PKK terrorçularıdır"


Türkiyədə meşə yanğınları davam edir. İyulun 28-də Antalyada başlamış və iki gün ərzində ətraf vilayətlərə də yayılmış yanğınlar nəticəsində 4 nəfər həlak olub. Ümumilikdə Türkiyənin 21 vilayətində 62 meşə yanğını qeydə alınıb. Antaliyda yanğının təsir etdiyi 183 nəfər xəstəxanaya müraciət edib. Rəsmi açıqlamalara görə, meşə yanğınlarının 43-ü nəzarət altındadır, 20 yerdə yanğın davam edir. Yanğın əsasən Manavqat, Marmaris və Bodrumdakı yaşayış məntəqələri üçün təhlükəlidir və bu səbəbdən bu bölgələrdəki bəzi kəndlər və turizm obyektləri boşaldılıb. Minlərlə heyvanın tələf olduğu bildirilir. Yanğınları söndürmək üçün tanker və yanğınsöndürənlərdən başqa, pilotsuz aparatlardan da istifadə olunur. Meşələrdə çıxan yanğın bəzi bölgələrdə küləyin təsiri ilə yaşayış yerlərinə keçib.

Artıq meşə yanğınları ilə bağlı 5 nəfər şübhəli şəxs saxlanılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, hadisə hərtərəfli araşdırılacaq və yanğından zərər çəkən vətəndaşlara hər cür dəstək göstəriləcək:

“Türkiyənin müxtəlif yerlərində eyni zamanda baş verən yanğınlarla əlaqədar genişmiqyaslı araşdırmalara başlanılıb. İyulun 30-da Baş nazir Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub. Bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi bu çətin məqamda da qardaş ölkənin yanındadır. Meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb. Qeyd edilib ki, Prezidentin müvafiq tapşırıq və göstərişlərinə əsasən, Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcək.

Prezident İlham Əliyev də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Dövlət başçısı vurğulayıb ki, qardaş Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları və onların törətdiyi fəsadlar barədə xəbər onu son dərəcə kədərləndirir:

“Əminəm ki, Sizin rəhbərliyiniz altında hökumətinizin atdığı qətiyyətli addımlar sayəsində əzmli və mübariz Türkiyə xalqı bu fəlakətin öhdəsindən tezliklə gələcək. Azərbaycan hökuməti və xalqı hər zaman olduğu kimi bu gün də qardaş Türkiyə xalqı ilə həmrəydir və onun yanındadır. Dağıdıcı yanğınlar nəticəsində həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Allah rəhmət eləsin!”. Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu tvitter səhifəsində Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovun paylaşımına reaksiya verib. Çavuşoğlu qardaş ölkədə baş verən yanğında Azərbaycanın verdiyi dəstəyi qiymətləndirib: “Can Azərbaycanın dəstəyi və qardaşlığı bizə güc verir”. 

Qeyd edək ki, Azərbaycan XİN rəhbəri C.Bayramov sosial şəbəkə hesabında Türkiyədə baş verən yanğınla bağlı paylaşım etmişdi: “Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”. 

Türkiyədə güclü meşə yanğınlarının meydana gəlməsi ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Əksəriyyət bunun təsadüf olduğuna inanmır və terrorçu qruplaşmaların qəsdən törətdiyini iddia edirlər. Onların fikrincə, yanğınların bir-birindən əlaqəsiz əyalətdə baş verməsi müəyyən suallar doğurur. Yəni bu yanğınlar ənənəvi isti havanın təsirindən baş verən təbii fəlakətlərə bənzəmir.

Sosial şəbəkələrin Türkiyə seqmentində də yanğınların kim tərəfindən törədilməsi ilə bağlı geniş müzakirələr aparılır. Müzakirələrin mərkəzində yanğının PKK terror qruplaşması nümayəndələri tərəfindən törədildiyi yer alır. Keçmişdə özlərini “Atəşin övladları” adlandıran terrorçular Qaradəniz, Orta Anadolu və Ağdəniz bölgəsində yanğınlar törətmişdi. İndi də bir-birindən kilometrlərlə uzaqda baş verən yanğınların yenidən bu terrorçular tərəfindən törədilməsi ilə bağlı şübhələr artıb.

Bütün bu müzakirələr davam edərkən, “Oda TV”nin yaydığı məlumata görə, PKK terror təşkilatının “Atəşin övladları” adlı qruplaşması yanğınla bağlı məsuliyyəti öz üzərinə götürüb. Qeyd etmək lazımdır ki, PKK terrorçuları daha əvvəllər də onlara qarşı həyata keçirilən əməliyyatlara cavab olaraq təxribat və s. bu tipli cinayət əməllərinə əl atıblar. Ölkənin Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli yanğınlarla bağlı danışarkən bunun təxribat ola biləcəyi ehtimalını da istisna etməyib. Sosial şəbəkələrdə yayılan videolarda isə iki nəfərin açıq bir məkanda otlara od vurduğu və daha sonra gizlincə ərazidən uzaqlaşdığını görmək mümkündür. Bununla yanaşı, Antalyadan 500 km aralıda olan Ankarada yanğın törətməyə çalışan bir nəfər saxlanılıb. Məlumata əsasən, Polatlı adlı qəsəbədə bir nəfər otları yandırıb qaçmağa çalışarkən sakinlər tərəfindən saxlanılıb və polisə təslim edilib. Yanğınsöndürənlər dərhal yanğına müdaxilə edə bilib və yanğın böyümədən söndürülüb. Saxlanılan şəxslərin Suriya əsilli qardaşlar olduğu deyilir.

Politoloq Araz Aslanlı da bunun təxribat olduğunu düşünür:

“İllərdir eyni taktika ilə Türkiyəni zəiflətməyə, təzyiq altında saxlamağa çalışırlar. Amma hədəflərinə nail olmayacaqlar. Sözdə “demokratik”, “inkişaf etmiş” ölkələrin öz maşalarından istifadə edərək Türkiyədə dəfələrlə yanğın törətdikləri hamımıza bəllidir. Onlar insanlıqdan kənar bu vəhşi addımları ilə təbiətə və insanlara ziyan vura bilərlər. Amma əmin olsunlar ki, heç vaxt öz çirkin məqsədlərinə çatmayacaqlar. Birik, birlikdəyik Türkiyə”. 
Siyasi şərhçi Asif Nərimanlı da Türkiyədə yanğınların məqsədli şəkildə törədildiyi ehtimalını gücləndirən əsasların olduğunu deyib: “Ən böyük yanğınların turizm bölgələrində olması: iqtisadi ziyan vurmağa hesablanıb. Yanğınların bir-birindən uzaq məsafədə yerləşən ərazilərdə paralel şəkildə başlaması. Sosial şəbəkələrdə PKK tərəfdarlarının “rahat tətilə imkan verməyəcəyik” anonsu və s. Türkiyə mediası da sabotaj versiyası üzərində dayanır. Ehtimallara görə, yanğını törədənlər Yunanıstandakı düşərgələrdə təlim görən PKK terrorçularıdır. PKK-nın yanğın terroru təcrübəsi də bu versiyanı gücləndirir: terrorçular 1995-ci ildə 950 hektar, 1997-ci ildə 650 hektar ərazini yandırıb”.