Partiya sədri Qarabağ səfərində qürurlanıb

Şuşa da, onu bizə qaytaran Azərbaycan əsgəri də elə bir o qədər möhtəşəmdir!

“Şuşa yolçuluğumuz başa çatdı. Yaddaşımıza həm kədər, həm də qürurla dolu qarışıq təəssüratlar həkk olundu”. Bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə deyib. Partiya rəhbəri bildirib ki, sonuncu dəfə 90-cı ilin mayında olduğu Füzuli şəhərindən keçsə də, Ağdamda olduğu kimi şəhərin yalnız xarabalıqlarını görüb və erməni vandallığının bir daha şahidi olub: 

“Qəhrəman əsgərimizin açdığı cığırın üzərindən qısa müddət ərzində salınmış Zəfər yolu ilə Şuşamıza vardıq. Sıx duman səbəbi ilə Cıdır düzündən baxmaqla da olsa, Xankəndini, ətraf kəndləri görə bilməsək də, əvəzində Xankəndi yolu üzərində dayanan rus hərbçilərini gördük. Əlbəttə, bu, heç də xoş deyil.. Şuşa isə möhtəşəmdir! Onu bizə qaytaran Azərbaycan əsgəri də elə bir o qədər möhtəşəmdir! Vaxt darlığı səbəbi ilə ziyarətimiz sürətli olsa da, Cıdır düzündə və bəzi digər yerlərdə ola bildik, Yuxarı Gövhərağa məscidində namaz qıldıq”. 

A.Əlizadə vurğulayıb ki, Cıdır düzündə, bu gün bir çoxlarının o sıldırım qayalıqlardan aşağı baxmağa cürət etmədiyi yerlərdən əsgərimizin necə üzüyuxarı döyüşərək qalxdığını təsəvvür etməyin qürurunu yaşayıblar:

 “Belə ordusu olan Vətən basılmaz! Amma bir daha yəqin etdim ki, Xankəndini, Xocavəndi, Xocalını görmək üçün millət olaraq daha sıx birliyimizə ehtiyac var! Əminəm, o günlərin sevincini də yaşayacağıq! Ən əsası, amalımız odur ki, Qarabağ Azərbaycandır”.