Növbəti panel:“Türk dünyasında təhlükəsizlik problemləri və hərbi əməkdaşlıq” - Məruzələr... 

Oktyabrın 9-da  Azərbaycan Texniki Universiteti,  Azərbaycan İlahiyyat İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Türk Ocağı Dərnəyi və TİKA-nın birgə hazırladığı “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və Türk Dünyası” adlı beynəlxalq simpoziumun tədbirləri çərçivəsində növbəti panel iclasları keçirilib. İclasın ilk mövzusu “Türk dünyasında təhlükəsizlik problemləri və hərbi əməkdaşlıq” məsələsi olub. Çıxış üçün ilk söz Qazi Universitetinin professoru Bülənt Aksoya verilib. Professor “Post-sovet dönəmində türk respublikalarında sərhəd problemləri” mövzusunda çıxış edib. Aksoy vurğulayıb ki, türk respublikaları arasında sərhəd problemi sovet dövründəki işğalçılıq siyasətindən və Xəzər dənizinin hüquqi statusunun müəyyən olunmamasından qaynaqlanır: “Sovetlər dağılsa da, keçmiş ittifaq ölkələri arasında sərhəd problemləri qalmaqdadır. Hətta türk ölkələri arasında belə sərhədlərin müəyyən edilməməsi ciddi problem yaradır və əməkdaşlığa mane olur. Bu problemlər mütləq aradan qaldırılmalıdır”.  





“Rusiyanın postsovet dövrü Qafqaz və Mərkəzi Asiya siyasəti” adlı məruzə ilə çıxış edən professor Sevinc Əliyeva bildirib ki, SSRİ dağılandan sonra Qafqaz və Orta Asiya keçmiş sovet dövlətləri müstəqilliklərini elan etdilər və xarici siyasət yürütməyə başladılar: 

“Yeni müstəqil respublikalar problemlərini "qardaşlarının" göstərişi olmadan təkbaşına həll edirdilər, həll etməyə meylli idilər. Ancaq zamanla yeni hökumətlər beynəlxalq ictimaiyyətlə əlaqələr qurmağa başladılar. 

Rusiya Cənubi Qafqazda təsir gücünü itirməmək üçün müxtəlif addımlar atmaqda, öz maraqlarını müdafiə etməkdədir. Burada Moskva üçün önəmli olan Qərbin müdaxilə edə bilməyəcəyi bir bölgə formalaşdırmaqdır. ABŞ müsəlmanlar üçün əlverişsiz müttəfiq halına gəlməkdədir. Bu müddətdə sadəcə iki ölkə - Rusiya və Türkiyə müsəlmanlarla əməkdaşlığı genişləndirə bilər. Gələcək dövr Qafqaz və Orta Asiya ölkələrinin hansı “qatara” minəcəyini göstərəcək”. 

Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi, araşdırmaçı Rüştü Kaya “ABŞ-ın Əfqanıstandan çıxışı, Mərkəzi Asiya regionu, türk dünyasının təhlükəsizliyi” mövzusunda məruzə ilə çıxış edib. Kaya vurğulayıb ki, Əfqanıstandan gələn təhlükəsizlik təhdidləri 90-cı illərdə yoxa çıxıb: 

“Yeni müstəqillik qazanan Orta Asiya dövlətlərinin ən vacib təhlükəsizliyi
problemlər arasında idi. Tacikistan vətəndaş müharibəsi, radikal qruplaşmaların Özbəkistan və Qırğızıstandakı hərəkətləri müəyyən problemlər yaradırdı. Bu hərəkatlar bölgədəki siyasi rejimlərin təhlükəsizliyinə ən ciddi təhdid idi. Mərkəzi Asiya yenidən stabil olmalıdır. Bu məsələdə Rusiya, Çin, hətta İran kimi qeyri-gegional aktorlar mühüm rol oynaya bilərlər”. 

Professor, sabiq millət vəkili Nəsib Nəsibli isə “Türk dünaysında ortaq kimlik problemi” adlı məruzə ilə çıxış edib. Professor bildirib ki, xarici güclər, xüsusən Çar Rusiyası türklərin, fərqli türk cəmiyyətlərinin milli kimliyini pozmağı hədəfləyirdi. Onları bir-birindən ayırmaq siyasəti güdürdü: 

“Çar dövründə planlaşdırılmış və bitməmiş “böl-idarə et” strategiyası sovet dövründə yeni bir şəkildə və qətiyyətlə qəbul edildi. Sovet rejiminin türkçülük strategiyası 1924-1936-cı illərdə qurulmuşdu. Müstəqillikdən bu yana 30 il ərzində milliyyətçiliyin və milli kimliklərin inkişafı müşahidə olunur. Bu da türk respublikalarının Türk Dünyasına inteqrasiyadan qaynaqlanır. Uzun zamandır haqqında danışılan, lakin uğursuz layihələrdən biri - ortaq türkcə məsələsidir. Türk xalqlarının anlaşması üçün ortaq təmas dilinin olması çox mühümdür. Bunun da ən uyğun yolu Türkiyə türkcəsindən istifadə etməkdir. 

Ümumən Türk birliyi idealının reallaşması üçün alt kimliklərə toxunmadan üst türk kimliyinin müdafiə edilməsi, rəsmiləşdirilməsidir”.