Putin Paşinyana təlimatlar verəcək

Rusiya vasitəçilik məsələsində Qərbin aktivliyinin qarşısını almaq məqsədi güdür

"Proseslər göstərir ki, Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü labüddür. Belə olan təqdirdə Rusiya da öhdəliklərinin icrasına məcbur olacaq"

Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Deyilənə görə, danışıqlarda üçtərəfli bəyanatların icrası müzakirə olunacaq. Eləcə də regionda sabitliyin möhkəmləndirilməsi və iqtisadi əlaqələrin qurulması istiqamətində atılacaq addımların nəzərdən keçirilməsi planlaşdırılır. Həmçinin, ikitərəfli əlaqələrdə aktual məsələlərin də müzakirə predmeti olacağı bildirilir. 

Görüşlə bağlı fikirlərini “Şərq”ə dəyərləndirən Milli Cəbhə Partiyasının sədr muavini, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanı Moskvaya dəvət edərək ona yeni təlimatlarını verəcək. Ekspertin sözlərinə görə, Azərbaycan Prezidenti ilə erməni baş nazir arasında gözlənilən görüş öncəsi Putinin Paşinyanı Moskvaya çağırması Kremlin müəyyən narahatlığından xəbər verir:

“Gürcüstan ABŞ və Avropanın dəstəyi ilə Azərbaycan-Ermənistan arasında vasitəçilik etmək, liderlərin görüşünü keçirmək istəyir. Bununla bağlı razılıq əldə olunduğu deyilir. Moskva öz iradəsindən kənar Bakı və İrəvan arasında birbaşa təması və Gürcüstanın vasitəçiliyini qəbul etmir. Ona görə də çalışır ki, Qərbin vasitəçiliyi ilə hansısa təmaslar baş tutmasın. Paşinyanla Putinin görüşündən əvvəl Ermənistanın Müdafiə naziri Arşakyanın Moskvaya səfəri diqqət çəkir. Tərəflər arasında silah sövdələşməsinin olacağını istisna etmirəm. Rusiya Ermənistana silah-sursat verməklə öz orbitində saxlamağa çalışır. Buna baxmayaraq, erməni baş nazir Azərbaycanla ikitərəfli siyasi əlaqələrin qurulmasında maraqlıdır”. 

M.Əsədullazadəyə görə, Rusiya vasitəçilik məsələsində Qərbin aktivliyinin qarşısını almaq məqsədi güdür:

 “Əslində, Azərbaycan tərəfi Rusiyanın öz öhdəliklərinə sadiq olmasına nail olmaq üçün Qərbin vasitəçilyi ilə təmaslara gedir. Əgər Rusiya aktivləşməsə, Zəngəzur dəhlizi və 10 noyabr razılaşmalarının həyata keçirilməsini reallaşdırmasa, Qərbin göstərişi ilə Gürcüstan prosesdə akivləşəcək. Bu da Rusiyanın imicinə zərbədir. Proseslər göstərir ki, Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü labüddür. Belə olan təqdirdə Rusiya da öhdəliklərinin icrasına məcbur olacaq”.