Noyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Telefon danışığı zamanı nazirlər ikitərəfli münasibətlər gündəliyinin bir sıra məsələləri ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin üçtərəfli bəyanatların icrası, o cümlədən nəqliyyat və kommunikasiyaların açılması ilə bağlı işçi qrupunun fəaliyyətini müzakirə ediblər.
Bölgədə mövcud olan cari vəziyyət ətrafında fikir mübadiləsi aparan nazirlər eyni zamanda 3+3 formatında əməkdaşlıq platformasının inkişafının vacibliyini qeyd ediblər.
Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
XİN başçılarının telefon danışığı barədə fikirlərini "Sherg.az"la bölüşən "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov bildirib ki, bugünədək Ermənistan tərəfindən heç bir addım atılmayıb:
"Sergey Lavrovun Azərbaycanla bağlı müsbət nəsə deyəcəyinə inamım azdır. Tərəflər arasındakı danışıq üçtərəfli razılığın şərtlərinə aiddirsə, S.Lavrov ünvanı səhv salıb. Azərbaycan üçtərəfli bəyanatın bütün şərtlərinə əməl edib. Əsas öhdəlik Ermənistanla Rusiyanın üzərinə düşür. Üçtərəfli bəyanatın imzalanmasının 1 ili tamam olacaq. Bu müddət ərzində, Ermənistan nə Zəngəzur dəhlizini açdı, nə kommunikasiyaların qurulmasını həyat keçirdi, nə də sonradan nəzərdə tutulmuş Qazaxın 7 kəndi və Naxçıvanın 1 kəndinin qaytarılması prosesini başlatdı".
S.Hümbətovun sözlərinə görə müzakirələrin əsas məqsədi bir neçə gündən sonra Moskavada nəzərdə tutulan Rusiya, Azərbaycan və Ermənistan rəsmilərinin görüşü ilə bağlıdır:
"Sərhədlərin demarkasiya və delimitasiya işlərindən söhbət gedə bilər. Bu barədə sənədin imzalanacağı deyilir. Ermənistan məğlub olsa belə, güzəştə getmək niyyətində deyil. Rusiya XİN-nin Azərbaycana verəcəyi töhfə yoxdur. Bu danışığın da əhəmiyyəti olmayacaq. Azərbaycan tərəfi mövqeyini bildirəcək. Rus "sülhməramlılar"ının, eləcə də Ermənistanın üzərinə düşür. Əslində sözügedən məsələlərin müzakirə edilməsi üçtərəfli bəyanatın şərtlərinə uyğun aparılmalıdır, amma aparılmır. Görüşün uğurlu nəticə verəcəyi inandırıcı görsənmir".