Bu ilin 4-6 noyabr tarixlərində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Dünya COVİD-19-dan sonra" mövzusunda VIII Qlobal Forum Bakıda keçiriləcək.
Bu forum post-COVİD dövründə dünya miqyasında keçiriləcək ilk qlobal tədbirlərdən biridir. Foruma məhz Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Belə ki, Prezident İlham Əliyevin həyata keçirdiyi fəal praqmatik siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləri tədbirin Azərbaycanda baş tutmasını şərtləndirən başlıca amillərdəndir.
Azərbaycanın zəfər qazanmış ölkə kimi artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsindəki mühüm yeri və rolu, ən çətin anlarda, o cümlədən Vətən Müharibəsi dövründə dünyaya nümunə olan ləyaqətli davranışı da forumun Bakıda reallaşmasına əsas yaradıb. Bundan başqa Azərbaycan peyvənd millətçiliyinə qarşı ən çox mübarizə aparan, pandemiyanın qarşısının alınması üçün real iş görən ölkələrdən biri kimi tanınıb.
Forumun əhəmiyyətindən danışan millət vəkili Elman Məmmədov “Sherg.az”a bildirib ki, beynəlxalq tədbirlərin yeri təsadüf seçilmir:
"Belə toplantıların gerçəkləşməsi üçün təhlükəsiz şərait olmalıdır. COVİD-19 bəlası başlayandan bəri Azərbaycan bu istiqamətdə bir çox ehtiyacı olan dövlətlərə humanitar yardımlar göstərdi. Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Birləşmiş Millət Təşkilatı (BMT) və digər beynəxalq təşkilatlar səviyyəsində dünyaya çağırışlar etdi. Pandemiyaya qarşı dünyəvi mübarizənin vacibliyini dəfələrlə diqqətə çatdırdı. COVİD-19-a qarşı görülən tədbirlər Azərbaycanı öncül, aparıcı dövlətlərdən birinə çevirib. Bu cür qlobal tədbirlərin hansı ölkədə keçirilməsi xüsusən seçilir”.
E.Məmmədov onu da əlavə edib ki, forumda iştirak edənlər Azərbaycandakı vəziyyətlə tanış olacaq, təcrübə mübadiləsi aparacaqlar:
“Vətən savaşının ildönümü ərəfəsindəyik. Gələn qonaqlar 44 günlük “Vətən müharibəsi” barəsində də məlumatlandırılacaqlar. Ola bilər ki, onlar “Zəfər” yarmarkasına, “Hərbi Qənimətlər Parkı”na, ermənilərin dinc əhaliyə törətdikləri vəhşiliklərin şahid olması üçün həmin ərazilərə aparıla bilərlər. Bunların hamısı Azərbaycan həqiqətlərinin dünyada tanıdılması üçün əlverişli imkanlardır. Belə fürsətlərdən istifadə etmək lazımdır”.