""Dünya COVİD-19-dan sonra mövzusunda" VIII Bakı Qlobal Forumunun keçirilməsi əlamətdar günə - Zəfər tariximizin yazıldığı ərəfəyə təsadüf edir. Forum üzvlərinin bir çoxu dəfələrlə Azərbaycanda olub və 30 ilik işğal müddətində ölkəmizin taleyi ilə maraqlanıblar”.
Bu barədə “Sherg.az”a sabiq millət vəkili, tarix elmləri doktoru Həvva Məmmədova bildirib. O qeyd edib ki, 4-6 noyabrda baş tutacaq forum zamanı xüsusi hadisə yaşanacaq:
“Onlar işğaldan azad olunan Şuşa şəhərinə səfər edə biləcəklər. Meşələrin qırılması, məscidlərin, məktəblərin erməni vandalları tərəfindən viran qoyulmasının şahidi olacaqlar. Qarabağ və ətraf ərazilərdə yenidənqurma işləri aparılacağı onlara aydın olacaq".
H.Məmmədova yüz dəfə eşitməkdənsə, bir dəfə görməyin yaxşı olduğunu vurğulayıb:
"Qarabağ haqqında çox danışılıb. Bu vəziyyəti, 30 il vətən həsrəti ilə gözləyən sakinləri gözləri ilə görəcəklər. Forumun üzvü olan şəxslərin əksəriyyəti keçmiş dövlət başçıları, ölkəsinin tanınmış, sayılıb-seçilən şəxsiyyətləri olmaqla bərabər, Azərbaycanın yaxın dostu hesab olunur.
Pandemiyanın gətirdiyi çətinlikləri baxmayaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə tikinti işlərinin aparılması, Füzuli Hava Limanının istifadəyə verilməsi, Laçın, Zəngilanda Hava Limanının özülünün qoyulması - bunların hamısı göstərir ki, sakinlərin torpaqlarına qayıtması tezliklə baş tutacaq".
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "Dünya COVİD-19-dan sonra mövzusunda" VIII Bakı Qlobal Forumu 2021-ci il noyabrın 4-6-da baş tutacaq.