Türkiyənin müdafiə naziri Hulusi Akar açıqlama verib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri hazırda Azərbaycan ordusunun modernləşdirilməsini və təlim fəaliyyətlərini dəstəkləyir. H.Akarın sözlərinə görə, işğaldan azad edilən ərazilərdə birgə mina/kustar üsulla hazırlanmış partlayıcı və məhvetmə fəaliyyətləri davam edir:
"Hazırda Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələlərini bir-birindən ayrı fikirləşməyin mümkün olmadığı mərhələdəyik.
Başda təhlükəsizlik olmaqla, hər sahədə əməkdaşlığımızı nəzərdə tutan “Şuşa Bəyannaməsi” bu istiqamətdə atılmış tarixi addımdır”.
Qeyd edək ki, iyunun 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" imzalayıblar. Bəyannamədə müdafiə, müdafiə sənayesi sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri əksini tapır.
Türkiyə müdafiə naziri H.Akarın fikirlərinə münasibət bildirən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu "Sherg.az"a açıqlamasında deyib ki, prosesin gerçəkləşdirilməsi Azərbaycandan asılıdır:
"Azərbaycanın gələcəkdə sülh mövqeyində iştirakının, Azərbaycan-Türkiyə münasibətlərinin özülü qoyulub. Lakin təssüf ki, ölkəmiz ciddi, təsirli addım atmayıb. Ölkəmiz Türkiyə tərəfinin Azərbaycan-Türkiyə münasibətləri istiqamətində fikirlərini dəstəkləməlidir. Onlar bu məsələyə daha real yanaşırlar, nəinki biz”.