General Muradov bu ilin avqustunadək Qarabağdakı Rusiya kontingentinin komandanı vəzifəsində çalışıb. Azərbaycanla Ermənistan arasında əsir və digər saxlanılan şəxslərin və eləcədə mina xəritələrinin mübadiləsi ilə bağlı indiyədək həyata keçirilmiş missiyaları Moskva bir qayda olaraq məhz R.Muradova həvalə edib. Qeyd edək ki, may ayında Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradovun vəzifəsindən kənarlaşdırılması barədə erməni mətbuatında xəbərlər dərc olunub. Yayılan məlumata görə, R.Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini, general-leytenant Aleksey Avdeyevin təyin olunacağı bildirilib.
Qeyd edək ki, Rusiya Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini, general-leytenant Rüstəm Muradov Bakıdan İrəvana aparan təyyarə ilə uçub. Muradov özü ilə bir erməni hərbçisinin cəsədini aparıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi analitik Samir Hümbətov açıqlamasında deyib ki, son günlər baş verən hadisələr dünya gündəmindədir:
"Diqqət çəkən məsələ isə rus "sülhməramlı"larının fəaliyyətidir.Daha doğrusu, "fəaliyyətdən kənar" fəaliyyətidir. Rüstəm Muradov artıq iki aydan çoxdur “sülhməramlıların” komandanı vəzifəsindən uzaqlaşdırılıb. O, yenə də tərəflər arasında "oynayır". Həqiqətən də R.Muradov komandanlıq vəzifəsindən uzaqlaşıdırılıbsa, bu səlahiyyətləri kimdən alır? Görünür ki, Rusiya prezidentinin məsələdə “barmağı” var. O, Muradova çox güvənir. Bu səbəbdən ona "səlahiyyətindən uzaq" səhaliyyətlər verir. Ehtimalən, Muradovun Azərbaycanda, eləcə də Ermənistanda dəstəyi, tanıdığı insanlar var. Bu əlaqələrdən istifadə edib tərəflər üçün vasitəçi rol oynamağa çalışır. Bizim tərəfdən yaxşı arşılanmamalıdır. Muradovun atdığı addımlar bizə yox, Ermənistana fayda gətirir.
Ermənistan tərəfi sərhəddə atəşkəsi pozur. Rusların erməni sevgisi bitmir. Hesab edirəm ki, nəinki R.Muradovun, hər hansı şəxsin meyit, yaxud hərbi terrorçu daşımasına Azərbaycan tərəfi ciddi reaksiya göstərməlidir".