“Dünya ölkələri Prezidentin təşəbbüslərini yüksək dəyərləndirir”

“Cənab İlham Əliyevin artan nüfuzu, sülh çağırışları, təhdidlərin önlənməsi üçün qlobal çıxışların vaxtında edilməsi dünyanın gözü qabağında baş verib”


Beynəlxalq ictimaiyyət Azərbaycan Prezidenti cənab İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəkləyir. Belə ki, 2021-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində video müraciət vasitəsilə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünyada mövcud olan peyvənd millətçiliyini qınayıb. 

Və Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı BMT Baş Assambleyasında da qətnamənin irəli sürüləcəyini elan edib. Noyabrın 18-də BMT Baş Assambleyanın 3-cü komitəsində (insan hüquqları və humanitar) sözügedən qətnamə layihəsi müzakirə olunub və səsvermə ilə qəbul edilib. 171 ölkə qətnamənin lehinə səs verib. Heç bir ölkə qətnamənin əleyhinə səs verməyib. Qətnaməyə münasibətdə bitərəf qalmış 7 ölkədən birinin regionda ən az peyvəndləmə səviyyəsinə malik Ermənistandır. Qeyd etmək lazımdır ki, bu,Ermənistanın bütün məsələlərə, hətta humanitar məsələlərdə də Azərbaycanın nailiyyətlərini qısqanclıqla qarşılamasının nümunəsidir. Qətnamə dekabr ayında bu dəfə artıq BMT Baş Assambleyasının plenar sessiyasında qəbul olunacaq. Çünki Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Dünya ölkələrinin əksəriyyəti özünə qapandığı dövrdə Azərbaycanın pandemiyanın öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən biri oldu. Bundan başqa, Qoşulmama Hərəkatına sədrlik edən Prezident İlham Əliyevin bir sıra qlobal təşəbbüslərini xatırlatmaq yerinə düşərdi. Məsələn, İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında Zirvə toplantısı təşkil edildi. 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası reallaşdı. Cənab Prezidentin tapşırığı ilə Azərbaycan Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında irəli sürdüyü “Bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi” adlı qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olundu. Bir sözlə varlı və kasıb ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərliyə qarşı mübarizə davamlı olaraq Qoşulmama Hərəkatının sədri olan Azərbaycan Prezidenti cənab İlham Əliyevin gündəliyində olub. Bu mövzuda Prezidentin çıxış və təşəbbüslərini yada salaq. Azərbaycan koronavirusla bağlı 30-dan çox ölkəyə humanitar və maliyyə yardımları  etdi. Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə töhfəsi ayırdı. Bu yaxınlarda dörd ölkəyə təmənnasız olaraq 150 min doza vaksin təqdim etdi və s.
Ölkə başçısının bütün bu xidmət və fəaliyyətlərini nəzərə alaraq qeyd edə bilərik ki, BMT Baş Assambleyanın 3-cü komitəsində qəbul olunan qətnamə beynəlxalq ictimaiyyətin Azərbaycan Prezidenti cənab İlham Əliyevin COVİD-19 pandemiyasına, peyvənd millətçiliyinə qarşı qlobal mübarizəsini və təşəbbüslərini dəstəklədiyini göstərir.

Ölkə prezidentinin dünyada baş verən  qlobal təhdidlərlə bağlı çağırışlar etdiyini söyləyən millət vəkili Cavid Osmanov “Sherg.az”açıqlamasında qeyd edib ki, xüsusilə, COVİD-19 pandemiyası dövründə Azərbaycan liderinin təşəbbüsü ilə beynəlxalq təşkilatlar səviyyəsində  mübarizə tədbirləri həyata keçirilib. Deputat bildirib ki, dünya ölkələri prezident İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndirir:

"Türkdilli dövlətlərlərlə əməkdaşlıq Şurası, daha sonra Qoşulmama Hərəkatının iclası keçirildi. İrəli sürülən təkliflər əsasında ötən il BMT-nin xüsusi sessiyası çağırıldı. Burada 100-dən çox ölkə iştirak etdi. Bu günlərdə də prezidentin təşəbbüsü ilə vaksin millətçiliyinə qarşı  BMT tərəfindən yüksək qiymətləndirilərək təsdiqləndi. 

Cənab İlham Əliyevin artan nüfuzu, sülh çağırışları, təhdidlərin önlənməsi üçün qlobal çıxışların vaxtında edilməsi dünyanın gözü qabağında baş verib.  Bütün bunlar ölkə prezidentinin dediyi kimi, sözü və imzasının eyni olmasından xəbər verir".