"Rəsmi Moskva Ermənistandan siyasi və hərbi cəhətdən istifadə etməyə qadirdir”
“Hətta sonuncu münaqişə bəlkə də, N.Paşinyanın iradəsindən kənar baş verib”
“Kreml maraqlarını təmin edənə qədər danışıqların konstruktiv yönləndirilməsinin əleyhinə olacaq”
Son günlər Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşünün keçirilməsi məsələsi gündəmə gəlir. İşğalçı Ermənistan sərhədlərin delimitasiyası və demarkasiyası məsələsindən boyun qaçırmaq niyyəti güdür. Elə bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov da sözgedən məsələnin həllinə dair üçtərəfli görüşün keçirilməsi ilə bağlı açıqlama verib. O, Azərbaycan, Rusiya və Ermənistan arasında üçtərəfli görüşün keçiriləcəyinə əmin olduğunu bildirib:"Çünki görüşə ehtiyac var. Mən təsdiq edə bilərəm ki, məsləhətləşmələrin olması üçün görüşə hazırlaşanların hər biri bununla razılaşmalıdır", - nazir bildirib.
S.Lavrovun fikirlərini "Sherg.az"a şərh edən Ağ Partiya sədri Tural Abbaslı açıqlamasında deyib ki, tərəflər arasında görüşün keçirilməsi labüddür. Çünki məsələlərin həlli üçün müharibə yolu qalır:
"Ermənilərin müharibədən yayınmaqdan ötrü ikinci Qarabağ savaşında yalvarmadıqları dövlət qalmadı. Yeganə çıxış yolu konstruktiv danışıqlar nəticəsində hər üç tərəfi qane edən, beynəlxalq hüquq normalarına istinad sülh müqaviləsinin imzalanmasındadır. Həm Rusiya, həm də Ermənistanın Azərbaycanın əleyhinə olan destruktiv maraqları buna imkan vermir. Biz də ziddimizə xidmət edən sülh müqaviləsini imzalamarıq. Ondansa, hazırkı vəziyyətin davam etməsi daha sərfəlidir".
T.Abbaslının sözlərinə görə sülh sazişinin imzalanmasında Rusiyanın şəxsi mövqeyi var:
"Rəsmi Moskva da aradan çəkilsə, Azəfbaycanla Ermənistan bugünkü reallıqları nəzərə alaraq ədalətli müqavilə imzalaya bilər. Lakin Rusiya hər dəfə qarşıdurma ocağının qalmasında, "Dədə Qorqud"luq etməkdə maraqlıdır.
Niyə Lavrov deməlidir ki, tərəflər arasında görüş keçirilə bilər. Azərbaycan XİN-i Ceyhun Bayramov demir? O baxımdan Rusiya lazım gələndə provokasiya edir. “Beşinci kolon” tərəfindən Azərbaycanın sərhədləri pozulur. Rusiya kənara çəkilsə, hər şey normal olar".
Ekspert diqqətə çatdırıb ki, ölkədə “beşinci kolon”un sıxışdırılmasından sonra Rusiyanın Azərbaycanın daxili siyasətinə nüfuz etməsi məhdudlaşıb:
"Rusiya Ermənistandan siyasi və hərbi cəhətdən istifadə etməyə qadirdir. Hətta sonuncu münaqişə bəlkə də, N.Paşinyanın iradəsindən kənar baş verib. Əslində biz Ermənistanla deyil, Rusiya ilə diplomatik, siyasi mübarizə aparırıq. Rəsmi İrəvan görüntü rolunu oynayır. Rusiya da maraqlarını təmin edənə qədər danışıqların konstruktiv yönləndirilməsinin əleyhinə olacaq.
Ötən gün V.Putin çıxış edib. O, Azərbaycan və Ermənistan sərhədində baş verən münaqişənin sülhməramlı kontingentinə ehtiyac olduğunu qeyd edib. Adam özü deyir ki, biz gəlirik, hər şeyi düzəldirik. Bu addımı da nəzərə almalıyıq".