Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Milliyətçi Hərəkət Partiyasının sədri Dövlət Baxçalının Beştəpədə "Türk Dünyası Xəritəsi" ilə çəkdirdikləri foto beynəlxalq aləmdə əks-səda doğurub. Türkiyə mətbuatı yazır ki, Yunanıstan xəritədən narahat olub, bunun hiddət doğuran addım olduğunu deyib. Rusiya isə “Xəritədə düzəliş edilməlidir” fikrini irəli sürüb. Yunan mətbuatı bu fotonun təxribat xarakterli olduğunu yazıb. "Greek City Times" xəbər saytı "Ərdoğan, Trakya və Kipr də daxil olmaqla Türk Dünyasının təxribatçı xəritəsi var" şərhini yazıb.
Xəritə Kremlin də gündəmində idi. Sözçü Dmitriy Peskov Türkiyənin Türk Birliyi ideyasını bəsləməsinin normal olduğunu bildirib. Bununla belə, o, xəritənin düzəldilməli olduğunu müdafiə edib.
O, Türk dünyasının mərkəzinin Altay Bölgəsində olduğunu diqqətə çatdırıb:
"Xəritədə təəssüfləndiyim tək şey türk dünyasının mərkəzində böyük qırmızı ulduzun olmamasıdır. Bu nöqtə Türkiyədə deyil, Rusiyadadır. Hər bir türk üçün gəldikləri o müqəddəs yerdə, Altaydadır".
D.Peskov bunu bir türkoloq kimi dediyini də vurğulayıb.
MHP lideri Baxçalı noyabrın 17-də Beştəpəyə səfəri zamanı prezident Ərdoğana “Türk dünyasının xəritəsi”ni hədiyyə edib. Xəritədə Rusiyanın bir hissəsi, Balkanlar, Azərbaycan, Türk Cümhuriyyətləri, Çinin Sincan-Uyğur Muxtar Bölgəsi, Monqolustan və İranın bir hissəsi Türk Dünyası sərhədləri daxilində göstərilib.