"Fikir
verin, Rusiya sərhədlərin delimitasiyasını SSRİ xəritələrinə əsasən həyata
keçirilməsinin vacibliyini dilə gətirdiyi halda, Qərb də prosesdə önə çıxmaq istəyərək Rusiyanı neytrallaşdırmağa cəhd
edir”
“Bu görüşdə hansısa sənədin imzalanması istisna deyil, amma bu, sülh müqaviləsi olmayacaq”
“Çünki hələ sərhədlərin delimitasiya və demarkasiya prosesi getməyib”
Bu günlərdə əsas müzakirə mövzusu Azərbaycan prezidenti ilə Ermənistan baş nazirinin Brüssel görüşüdür. Dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında danışıqlar gözlənilir. Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, görüş Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin təklifi ilə baş tutacaq. Oktyabrın sonlarında isə Kremilin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov noyabrın əvvəlində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə üçtərəfli görüşün keçiriləcəyi ilə bağlı açıqlama vermişdi. Lakin sonra gözlənilən danışıqlar Kəlbəcər, laçın təxribatları, Şuşa terroru və Noyabr döyüşləri ilə sabotaj olundu.
Ermənistan və Azərbaycan rəhbərlərinin Brüssüldə görüşünün gözləndiyi bir vaxtda Kremlin mətbuat katibi xəbər yayıb. Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçidə görüşəcəyi bildirilib.
Qeyd edilir ki, Putin Əliyev və Paşinyanla ayrı-ayrılıqda danışıqlar aparacaq.
Məlumata görə, Qarabağda sabitliyin möhkəmləndirilməsi və dinc həyatın bərqərar olması üçün atılacaq addımlar müəyyən ediləcək.
Post münaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi Prezident İlham Əliyev tərəfindən dəfələrlə beynəlxalq platformalarda səsləndirilib. Görüş zamanı gündəlikdə nələrin müzakirə olunacağı barəsində artıq yerli və xarici eskpertlər müxtəlif versiyalar irəli sürürlər. Bu mənada sözügedən görüşün nəticələri hər kəsə maraqlıdır.
Görüşdən gözləntiləri analitik Aqşin Kərimov "Sherg.az"a şərh edib. Onun sözlərinə görə, İlham Əliyevlə Nikol Paşinyan arasında görüşün keçirilməsi məsələsi beynəlxalq münasibətlər sistemində əks qütblərdə dayanan tərəflər arasında rəqabət predmetinə daxil idi:
"Bundan əvvəl Rusiya tərəfindən gələn açıqlamalar Moskvanın təşəbbüsü ilə görüşün keçiriləcəyinə işarə edirdi. Azərbaycan-Ermənistan sərhədindəki son toqquşmalardan sonra isə Əliyev-Paşinyan görüşü daha da aktuallıq qazandı.
ABŞ-Avropa İttifaqı tandemi ilə Rusiyanın rəqabəti mina xəritələrinin Azərbaycana verilməsi məsələsində də özünü büruzə vermişdi. Ağdamın mina xəritələri Qərbin təşəbbüsü ilə geri qaytarıldı. Rusiya buna cavab kimi Zəngilan və Füzulinin mina xəritələrinin Azərbaycana verilməsinə nail oldu".
Siyasi şərhçi açıqlamasında digər rəqabətin sərhəd məsələsi olduğunu vurğulayıb:
"Fikir verin, Rusiya sərhədlərin delimitasiyasını SSRİ xəritələrinə əsasən həyata keçirilməsinin vacibliyini dilə gətirdiyi halda, Qərb də prosesdə önə çıxmaq istəyərək Rusiyanı neytrallaşdırmağa cəhd edir.
Rusiya heç bir şəkildə Qərbin regionda nüfuzunun və təsirinin artmasını həzm edə bilmir. Ona görə də Kreml Əliyev-Paşinyan görüşünün Brüsseldən öncə Soçidə keçirilməsinə nail oldu.
Rusiya istəyir ki, Azərbaycan və Ermənistan “saat əqrəblərini” Moskva ilə tutuşdurduqdan sonra Brüsselə yollansınlar.
Ola bilər, Rusiya Brüsseldə bəyanat formasında hansısa sənədin imzalanmasından ehtiyat edib. Moskva marşrutu seçilmədən həmin bəyanatın imzalanması Rusiyanın təşəbbüsü ilə imzalanmış 10 noyabr və 11 yanvar bəyanatlarının mətnini kölgə altında qoya bilərdi.
Rusiya Prezidenti Vladimir Putin hesablayır ki, Brüsseldən öncə Soçi görüşünün keçirilməsi, bəyanat imzalanmasa belə Qərbin ön plana çıxması təsəvvürlərinin üstündən xətt çəkəcək".
A.Kərimov diqqətə çatdırıb ki, Soçi görüşündə hansısa sənədin imzalanması istisna deyil, amma bu, sülh müqaviləsi olmayacaq:
"Soçi görüşündə sülh müqaviləsinin imzalanmasını söyləmək çətindir, çünki hələ sərhədlərin delimitasiya və demarkasiya prosesi getməyib.
Digər tərəfdən, Əliyev-Paşinyan görüşünün Brüsseldə keçiriləcəyinin elanından sonra Putin Paşinyanla telefon söhbəti etdi, bu, Ermənistana təzyiq alətinin işə salınması idi.
Ermənistan mətbuatında da Kremldən təhdid ritorikası səslənməsinə dair versiyalar dolaşır. Ancaq maraqlısı budur ki, sərhəddəki insidentdən sonra Putin-Əliyev telefon danışığı olmayıb. Deməli, Rusiya Azərbaycana təzyiq etmək istəsə də, Türkiyə amilini nəzərə alır və təzyiqlərini neytral formada hansısa şəkildə çatdırır".