Noyabrın 26-da Rusiyanın Soçi şəhərində Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək. Soçi görüşü öncəsi Ermənistan baş nazirinin Zəngəzur dəhlizi ilə bağlı əsassız, heç bir tarixi fakta söykənməyən fikirlər səsləndirib.
N.Paşinyan noyabrın 23-də keçirilən mətbuat konfransında deyib: “Azərbaycan aşkar şəkildə Ermənistana qarşı ərazi iddiaları nümayiş etdirir. “Zəngəzur dəhlizi” və ya “Şərqi Zəngəzur” nə deməkdir? Bu terminləri kim uydurub? Bunların mənası nədir və dəhliz məntiqi nə deməkdir? Biz əvvəllər də bəyan etmişik və yenə də bəyan edirik ki, məsələləri dəhliz məntiqində müzakirə etməmişik, etmirik və etməyəcəyik”.
Paşinyanın sözlərinə görə bu, Ermənistanın hər hansı bir şəkildə regional kommunikasiyaların açılmasından imtina etməsi demək deyildir.
Halbuki Azərbaycanda hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir. Prezident İlham Əliyevin dediyi kimi, bu Azərbaycanın növbəti tarixi uğuru olacaqdır. Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir və buradan keçən Zəngəzur dəhlizi bütün türk dünyasını birləşdirəcək.
Lakin N.Paşinyan dəhlizin açılmasını istəmir.
Qeyd edək ki, İlham Əliyev Zəngəzur dəhlizi məsələsinin 10 noyabr tarixli Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları Üçtərəfli Bəyanata salınmasını "tarixi nailiyyət" adlandırıb.
Mövcud durumu "Sherg.az"a şərh edən Azərbaycan Demokratik Partiyasının(ADP) sədri Sərdar Cəlaloğlu vurğulayıb ki, N.Paşinyan Zəngəzur dəhlizindən öz məqsədləri üçün istifadə etməyə çalışır:
"Paşinyan həm dəhlizdən söhbət gedə bilməz deyir, həm də Ermənistanın kommunikasiyaların açılmasından imtina etmədiyini dilə gətirir.
Zəngəzur da kommunikasiya xəttidir. O beynəlxalq hüquqda "dəhliz" anlayışı olmadığını söyləyir. Onda Laçın dəhlizi də olmayacaq.
Əgər Zəngəzur dəhlizi açılsa, ona Azərbaycan nəzarət edəcək. Dəhliz açıldığı təqdirdə, nəhəng ticarət dövriyyəsi reallaşacaq. Rəsmi İrəvan isə orda məntəqə qurub gəlir götürmək istəyir.
Laçın dəhlizindən Azərbaycana ciddi xeyir gəlməyəcək deyə, fərq etmir. Amma Türkiyədən Çinə qədər əksər ölkənin istifadə edə biləcəyi dəhlizdə gömrük sərhəd-xidmətinə nəzarət milyardlarla pul deməkdir.
Ermənistan da dəhlizin yol olmasını və gömrük xidmətindən gəlir əldə etməyi arzulayır".