Unutmamalıyıq ki... - Ana dilimiz 55 milyon azərbaycanlını birləşdirən müqəddəs amildir

Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Beynəlxalq Ana Dili Günü 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi hadisəsini bir daha insanların xatirəsində canlandırır. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. 

Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin millət olaraq təsdiqidir. 

Çünki dilin dövlət dili statusuna yüksəlməsi millətin öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda, dilinin zənginliyinin sübutudur. Bu mənada dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Azərbaycan dili bu tarixi hadisəni yaşayıb. Ölkəmizdə ana dilinin hərtərəfli inkişafı, beynəlxalq münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin dilimizin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olub. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir. Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür. 

Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanun Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır. 

Azərbaycan Respublikasının dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, elmi və mədəni həyatının bütün sahələrində işlədilir. Azərbaycan Respublikası dövlət dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında, dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar təşkilatlarında, digər hüquqi şəxslərdə, onların nümayəndəliklərində və filiallarında, idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı fəaliyyət bu qanuna uyğun olaraq həyata keçirilir, o cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla (və ya onların nümayəndəlikləri ilə) və xarici dövlətlərin diplomatik nümayəndəlikləri ilə yazışmalar Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla bilər. Ümummilli lider Heydər Əliyevin imzası ilə təsdiqlənmiş dövlət dilimiz haqqında Qanun dünya azərbaycanlılarını birləşdirən Ana Qanundur, desək, yanılmarıq. Bu gün dünyada 55 milyona yaxın Azərbaycan türkü yaşayır və onlar məhz ana dilimiz vasitəsilə ünsiyyət qurur, mötəbər tədbirlərdə bir –biriylə bu dilin köməyi ilə yaxınlaşır, “mən də azərbaycanlıyam”, kəlməsini fəxrlə səsləndirirlər. 

Beynəlxalq Ana Dili günü və bu günün xalqların taleyində hansı əhəmiyyət daşıdığı barədə fikirlərini səsləndirən akademik Nizami Cəfərov qeyd etdi ki, müstəqilliyini bərpa etmiş Azərbaycan dövləti üçün ölkə ərazisində ana dilimizin dövlət dili kimi təsdiqlənməsi asan olmayıb. 70 il Sovet imperiyası əsarətində olan bütün digər respublikalarda olduğu kimi Azərbaycanda da dövlət dili kağız üzərində öz ana dilimiz olsa da, məlumdur ki, sənədləşmədə aparıcı dil rus dili idi. Amma xalqımızın yüksək milli-mənəvi köklərinin illərlə qorunub saxlanması sayəsində bu proses ağrısız keçildi.      

- Nəzərə almaq lazımdır ki, biz bir dövrdən başqa dövrə keçdik. Bu məsələdə ağrısız proses lazım idi ki, biz də onu keçə bildik. Əvvəlki illərlə müqayisədə son zamanlar yüksək vəzifələrə təyin edilən məmurların demək olar hamısı Azərbaycan dilini gözəl bilir, eyni zamanda xarici dil bilgilərinə də sahibdirlər. Bununla belə, Azərbaycanda həmişə ana dili dominant olub. Bu, sovet vaxtı da belə idi. 

Baxmayaraq ki, Azərbaycan SSRİ tərkibində olan 15 respublikadan biri idi, məhz ümummilli lider Heydər Əliyevin ana dilinə sonsuz sevgisi Azərbaycan dilinin qorunmasında mühüm rol oynadı. Heydər Əliyev rus dilini mükəmməl bilirdi, siyasi opponentlərinə rus dilində kəskin, tutarlı cavablar verirdi. Eyni zamanda ölkə daxilində, xalqla ünsiyyətdə yalnız ana dilində danışırdı. 

Eləcə də cənab Prezident İlham Əliyev eynilə bu cür davranır. Xarici dili mükəmməl bilir, xarici media nümayəndələri ilə sərbəst danışır, amma eyni zamanda görün, ana dilimizdə necə rəvan danışır. Hər bir nazir, məmur, vəzifəli şəxs, ümumiyyətlə hər bir Azərbaycan vətəndaşı üçün bu, ən gözəl nümunədir. Unutmamalıyıq ki, ana dilimiz 55 milyon azərbaycanlını birləşdirən müqəddəs amildir.