Qadınlar ali hərbi təhsil ala bilər

Novella Cəfəroğlu: "Qadın hərbçi olan yerdə “dedovşina”nın da qarşısı alınır"

Qadınlara ali hərbi məktəblərdə təhsil almaq imkanı yaradılması təklif edilir. Bu,  Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində əksini tapıb. Məruzədə qadınların təhsil və bərabərlik hüququnun təmin edilməsi məqsədi ilə onların xüsusiləşdirilmiş ali hərbi təhsil müəssisələrində təhsil almaq üçün müraciət etmək imkanlarının təmin olunması təklif edilir. Məruzədə çağırışçıların hüquqlarının səmərəli qorunması baxımından, həmçinin Silahlı Qüvvələrin şəxsi heyətinin sağlamlığını daha səmərəli təmin etmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarında fəaliyyət göstərən Çağırış və Hərbi həkim komissiyalarına peşəkar mütəxəssislərin cəlb edilməsinə diqqətin artırılması və bu komissiyaların fəaliyyətinə nəzarətin gücləndirilməsi təklifi əksini tapıb.

Ombudsmanın hesabatında qaldırılan məsələyə müsbət yanaşdığını deyən D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu təklifi dəstəklədiyini bildirdi:

- Sözsüz ki, bu, çox gözəl təklifdir. Bunu çoxdan etmək lazım idi. Qadınlarımız daim kişilərlə çiyin-çiyinə olub. Biz bunu Qarabağ müharibəsində əyani görmüşük. İstər Birinci Qarabağ savaşı olsun, istərsə də ikinci – 44 günlük Vətən müharibəsi. Qarabağ müharibəsində nə qədər hərbçi qadın, hərbi həkim qadınlarımız, tibb bacıları şəhid oldular. Qadınlarımız Vətəni müdafiə etməyə, düşmənlə döyüşməyə qadirdilərsə, hərbi məktəbdə də təhsil ala bilər. Ali hərbi məktəb tələbəsi ola bilər. 
N.Cəfəroğlu qeyd etdi ki, qadınların ali hərbi təhsil almaq hüququ təmin ediləcəyi təqdirdə bu, cəmiyyətdə müsbət meyillərə səbəb olacaq:  

- Zorakılıqlar, hüquqların pozulması ondan başlayır ki, qadın özünü gücsüz hesab edir. Qadın öz gücünü göstərə bilsə, deməyə sözü olacaq, özünü müdafiə edə biləcək. Bu həm ailədə, evdə ab-havanı dəyişdirəcək, həm də cəmiyyət üçün xeyirli olacaq. Bunun qadınların ali hərbi təhsil alması ilə birbaşa əlaqəsi olmaya bilər. Lakin bərabərhüquqluğun təmini ümumən cəmiyyətdə müsbət meyillərin formalaşmasına səbəb olur. 

N.Cəfəroğlu qadınların  hərbi sahəyə cəlb edilməsinə İsrail dövlətini nümunə göstərdi: 

- İsraildə qızlar da hərbi xidmətə cəlb olunur. Bu, könüllüdür, kim istəyirsə, hərbi xidmətə gedir. Mənim qız nəvəm də hərbi xidmətdə olub, özü də tankçı idi. Oğlan nəvəm də hərbi təyyarə sürürdü. İsraildə hərbçilərə xüsusi hörmət var və imtiyazlar verilir. Hərbi xidmət keçənlərin 3 il müddətinə ödənişsiz təhsil almaq hüququ var. Yolda əgər bir taksi sürücüsü görsə ki, hərbçi hansısa ünvana getmək istəyir, ona  pulsuz xidmət göstərir. Hərbi xidmətdə olanlara, hərbçilərə  həftədə bir dəfə ailələrinə getmək icazəsi verilir. Həm də silahları ilə birlikdə. Silahları onlardan alınmır. Ancaq onlar məsuliyyətli və nizam-intizama riayət edəndirlər. İstirahət günlərində silahlardan qətiyyən atəş açmırlar. Qadınların hərbidə olmasının üstünlüyü budur ki, qadın harada olsa, orada həm nizam-intizam güclənir, həm də mərhəmət, şəfqət hissi artır. Qadın hərbçi olan yerdə “dedovşina”nın da qarşısı alınır.