Azərbaycan və Ermənistan liderləri sabah, aprelin 6-da Brüsseldə yenidən bir araya gələcək. Dünyanın diqqət mərkəzində olan görüş sözgügedən tarixdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla üçtərəfli formada baş tutacaq. Son üç ayda Azərbaycan və Ermənistan liderləri dördüncü dəfə qarşılaşacaq.
Görüşdən öncə həm Ermənistan, həm də Azərbaycan tərəfdən optimist fikirlər səsləndirilir. Rəsmi Bakı sülh müqaviləsinin təməllərini təşkil etmək üçün 5 prinsip açıqlayıb. Bununla bağlı rəsmi İrəvandan etiraz gəlməyib.
İ.Əliyevlə N.Paşinyanın Brüssel görüşündən nələr gözlənilir?
"Sherg.az"ın sualını cavablandıran hərbi-siyasi ekspert Həşim Səhrablının sözlərinə görə, liderlərin görüşündə konkret məsələlər ətrafında müzakirələr aparılacaq:
" Ölkələrarası krizi, problemi aydınlaşdırmaqdan ötrü ölkələrin xarici işlər nazirləri, yaxud ikinci, üçüncü dərəcəli siyasətçilərin qurduğu kommisiyalar müzakirəni reallaşdırır.
Vətən müharibəsindən sonra Azərbaycanın qətiyyətli qələbəsi artıq məsələni diplomatik sahədə konkret məcraya daşıyır. Azərbaycan tərəfinin Ermənistana 5 baza prinsip təkliflər etmişdi.
Rəsmi İrəvan müəyyən müsbət ifadələr söyləyir. 6 aprel tarixində tərəflər sülh müqaviləsi imzalamayacaq, lakin bu istiqamətdə ciddi addımların atılması haqda razılıq əldə edilməsi mümkündür. Növbəti görüşlər üçün effektiv zəmin hazırlana bilər. Ərazi problemləri tam həllinə qovuşmayıb".
Ekspert bildirib ki, Ermənistan tərəfi Qarabağa ərazi iddialarının üzərində dayanırlar:
“2020-ci ildən əvvəlki qədər olmasa da, “erməni dövləti”nin qurulması kimi bəyanatları görürük.
Azərbaycan tərəfi birmənalı şəkildə mövqeyini irəli sürüb.
Ərazi güzəştindən söhbət gedə bilməz.
Ermənistanın da qısa zamanda sözügedən ərazilərdən imtina edəcəyini gözləmək sadəlövhlükdür.
Rəsmi İrəvan buna can atsa da, cəmiyyətdəki siyasi zəmini nəzərə alaraq qısa müddətdə gerçəkləşdirməsi imkansızdır.
Ermənistan siyasi elitası, sosial təbəqəsi belə Qarabağ məsələsində güzəştə gedilməməsinin tərəfdarıdırlar.
N.Paşinyanın Azərbaycanla münasibətləri bərpa etməsi üçün Qarabağdan qəti imtina etməsi gözlənilmir".