Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana zəng edib.
Telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparıblar.
Prezident İlham Əliyev görüşün nəticələrini müsbət qiymətləndirib.
Dövlət başçısı Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə kommissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarları vurğulayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan da öz növbəsində əldə olunmuş nəticələrdən məmnunluğunu söyləyib.
Söhbət zamanı Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının, nəqliyyat-kommunikasiya xətlərinin qurulmasının regionda davamlı sülhün və sabitliyin bərpasında, region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi bildirilib.
Qeyd edək ki,Azərbaycan xarici işlər naziri ( XİN ) Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında da telefon danışığı baş tutub.
Nazirlər bölgədə mövcud son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası üzrə fikir mübadiləsi aparıblar.
XİN nümayəndələri Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri və Brüsseldə keçirilmiş yüksək səviyyəli görüşdən danışıblar.
Telefon danışığı zamanı, həmçinin Ukraynada və ətrafındakı vəziyyət, çoxtərəfli platformalarda əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərə də diqqət çəkilib.
Telefon danışığını "Sherg.az"a şərh edən siyasi analitik Asif Nərimanlı bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri Vətən müharibəsi, xüsusilə “Şuşa Bəyannaməsi”nin imzalanmasından sonra təmasları sıxlaşdırıb:
"Şuşa Bəyannaməsi”nə əsasən, hər iki ölkə atdığı addımlarda qarşılıqlı məsləhətləşmələr həyata keçirməli, fəaliyyətini koordinasiya etməlidir. İ.Əliyevlə R.T.Ərdoğanın telefon söhbətində Brüssel görüşünün müzakirəsi, Azərbaycan prezidentinin türkiyəli həmkarını məlumatlandırmasından, həmçinin Türkiyənin bölgədə de-fakto həlledici tərəflərdən biri olmasından qaynaqlanır.
Azərbaycan prezidentinin rəsmi informasiyaya uyğun olaraq türkiyəli həmkarına Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtinası və ərazi bütövlüyünü tanımasını bildirməsi həm də mesaj xarakteri daşıyır”.
A.Nərimanlının sözlərinə görə, Azərbaycanın gerçək müttəfiqi Türkiyədir:
"Məqsəd Brüssel razılaşmasına əngəl yaradacaq, yaxud bu anlaşmadan ötrü Azərbaycana təzyiq edə biləcək tərəflərə Ankara-Bakı birliyini göstərməkdir.
Belə bir mesaj daha çox Rusiyaya hesablana bilər. Moskva Brüssel görüşündə yox idi deyə, razılaşmalarına məsafəli davranır. Xüsusilə, sülh sazişi danışıqlarının ikitərəfli formatda keçirilməsi barəsində qərarın təsdiqlənməsindən ehtiyatlanır.
Əliyev də Ərdoğanla telefon söhbəti üzərindən danışıqlarda yeni şərtlərin ortaya çıxdığının ismarışını ötürür".