Fərdi istilik sistemlərinin mərkəzləşdirilmiş istilik sistemləri ilə əvəzlənməsi hədəflənir. Dövlət Ekoloji Ekspertiza Agentliyi ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bu təşəbbüsün irəli sürüldüyü vurğulayıb. Mərkəzləşdirilmiş istilik sistemlərinə daha çox ötən əsrdə tikilən binalarda rast gəlinir.
Diqqət çəkən digər məqam isə tikintini gerçəkləşdirən şəxslərin əvvəlcədən mərkəzi istilik sistemlərini yaratmamasıdır. İnsanlar ciblərindən vəsait xərcləyib, evlərini kombi ilə təmin edirlər. "Azəristilik" ASC-nin ötən il verdiyi məlumatda yeni tikilən binalardan mərkəzləşdirilmiş istilik sistemi təchizatı üçün heç bir müraciət daxil olmadığı bildirilir. Bu ilin göstəricisi isə hələ açıqlanmayıb.
Kombilərin ləğvi nə dərəcədə realdır?
"Sherg.az"ın sualını cavablandıran Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədovun sözlərinə görə, binaların tikilməsi, layihələndirilməsi zamanı sözügedən məsələ nəzərə alınmalı idi:
"Kim necə gəldi reallaşdırır, müvafiq orqanlar da gözlərini yumub təsdiqləyir. Mərkəzləşdirilmiş istilik sistemi sovet dövründə tikilmiş, Xalq Kommisarları Sovetinin, yaxud idarə təşkilatların balansında idi. Sonradan əhalinin mülkiyyətinə verilən binalarda qalıb. Hamısının mərkəzləşdirilmiş sistemə keçirilməsi ciddi konstruktiv dəyişikliklər və böyük vəsait istəyir. İnsanlar təmir işləri aparıb, otaqların konstruksiyasını dəyişiblər. Bir otaq digərinin mətbəxidir və s.
Ona görə də, bunun texniki baxımdan necə baş tutacağı mənə aydın deyil. Səy göstərsələr, yaxşıdır. "Azəristilik təchizat”da idarəetmə bərbad vəziyyətdədir.
Hər halda balanslarındakı istilik sistemlərinin tariflərini düzgün müəyyənləşdirə bilməyiblər. Tutalım, sovet dönəmində evimdə beş batareya var idi.
İndi çıxardıb, üçünü saxlamışam. Deməli, xərci üçünə görə ödəməliyəm. 1969-1972-ci illərin qəbzlərini hamıya göndərirlər.
Hələ öz işlərini düzüb qoşmalıdılar. İstifadəçilərin istilikdən nə qədər yararlandıqlarını müəyyənləşdirməlidilər. Sonra digər məsələyə keçməlidilər. Onların çox problemi mövcuddur".