"Texnofest" savadlı, bilikli mütəxəssislərin aşkarlanması üçün əla imkanlar yaradır
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bütün sahələrdə, hətta dövlətlərin idarəçiliyində, fərdi yaşayışımızda texnologiyanın özünəməxsus yeri var. Ona görə də hər dövlət öz gəncliyini texnologiyanı inkişaf etdirmək barəsində erkən yaşlardan etibarən dəstəkləməli, motivasiya verməlidir.
Təqdirəlayiq haldır ki, hazırda ölkəmiz xüsusi təşkilatlar, qurumlar vasitəsilə gəncləri bir araya toplayaraq onların hər hansı bacarıqları, maraqlı ideyaları və təklifləri sayəsində faydalı işlər qurtulmasına çalışır.
Bu mənada dünyanın ən böyük aviasiya, kosmos və texnologiyalar festivalı "Texnofest"in Azərbaycanda keçirilməsi ölkə ictimaiyyəti tərəfindən müsbət dəyərləndirilir.
“Texnofest” – sabahın ixtiraçılarını bu gündən etibarən hazırlanmasına yönələn texnologiya tədbiridir. Hər bir yeniyetmə və valideyn üçün çağırış kimi dəyərləndirilən bu festival, eyni zamanda istedadlı məktəbli, tələbə və startapları öz ideyalarını və innovativ məhsullarını nümayiş etdirmək, dəstək almaq və reallaşdırmaq üçün unikal əməkdaşlıq platformasıdır.
İlk dəfə 2018-ci ildə Türkiyədə baş tutan "Texnofest" gənc istedadların aşkarlanmasında mühüm əhəmiyyətə malikdir.
Azərbaycanlı gənclərin də çox böyük maraq göstərəcəyi və bu texnologiyanın inkişafına liderlik edəcəkləri şübhə doğurmur. İndidən minlərlə gəncin bu sahədə layihələr tərtib etməkdə həyəcanını görürük. "Texnofest" sayəsində Azərbaycan gənclərinin də texnologiyanın inkişafına öz töhfələrini verəcəklərini ümid edirik. Ölkəmizdə ilk dəfə keçiriləcək festivala marağın böyük olması və gənclərimizin fəallığı olduqca sevindirici haldır. Ümid edirik ki, “Texnofest Azərbaycan” çərçivəsində seçilən gənclərimiz öz innovativ layihələri ilə seçiləcək, uğur qazanacaqlar.
Qeyd edək ki, mayın 26-29-da Azərbaycanda keçiriləcək. “Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiyə Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.
Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. Bu həm də 44 günlük Vətən müharibəsinin əsas qəhrəmanlarından biri “Bayraktar” dronları gənclərin texnologiyaya axınının əsas nümunəsidir.
“Texnofest” - böyükdən kiçiyə hər kəsin maraq dairəsinə uyğun tədbirlərlə zəngin olacaq. Festival Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, yarış və müsabiqələrin möhtəşəm final mərhələləri, sərgilər, əyləncəli attraksionlar, Azərbaycan və Türkiyə aviatexnikasının nümayişi, incəsənət xadimlərinin iştirakı ilə konsert proqramı, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları, robotlar və digər sürprizlərlə yadda qalacaq.
Bu mənada Azərbaycanda keçiriləcək festival gənclərimizin texnologiyaya marağının artmasına təkan verəcək. “Texnofest ” həm də beynəlxalq bazarlara çıxış imkanı olan startaplarımız üçün buraya dəvət edilmiş vençur fondları və mentorlarla əməkdaşlıq baxımından əhəmiyyətli rol oynayacaq.
Millət vəkili Naqif Həmzəyevin sözlərinə görə, “Texnofest” festivalı həqiqətən Türkiyədə gənc, savadlı, bilikli mütəxəssislərin tapılması və onların dövlət tərəfindən dəstəklənməsi nəticə etibarilə informasiya texnologiyaları və startap layihələrinin inkişaf etdirilməsinə çox böyük töhfə verib: “Texnofest” ilk dəfə olaraq Türkiyədən kənarda məhz Azərbaycanda keçirilir.
Bu da Türkiyə-Azərbaycan münasibətlərinin ən yüksək səviyyədə olduğunun bariz nümunəsidir. Türkiyə öz əldə etdiyi uğurlarını, nailiyyətlərini Azərbaycan ilə bölüşür, Azərbaycanda da məhz texnologiyaların inkişaf etdirilməsi yeni informasiya texnologiya həllərinin ortaya çıxması və savadlı, bilikli gənclərin axtarılması, onların məhz bu “Texnofest” festivalında qaliblərin mükafatlandırılması faktiki olaraq gənclərə və gələcəyə böyük bir yatırımdır. Biz bu festivalın Azərbaycanda keçirilməsinə çox sevinirik. Bundan əlavə artıq bizdə komando tipli ordu quruculuğuna start verilib.
Bu, Türkiyənin ordu modelinə çox yaxın bir modeldir. Burada əsas məqsəd Azərbaycanın sərhədlərinin təhlükəsizliyini təmin etmək, Azərbaycanın gücünü daha da artırmaq və bir daha ərazimizin hansısa dövlət və ya terror təşkilatları tərəfindən işğal edilməsinin qarşısını almaq məqsədilə biz bu addımları atırıq”.