"Yüzlərlə məhkumun azadlığa qovuşmasına şahid olacağıq"
"Rəsmi elan olunana qədər Komissiyanın iclaslarını, orada baxılan müraciətləri müzakirəyə çıxarmaq düzgün deyil"
Azərbaycan Prezidenti yanında Əfv məsələləri Komissiyasının iclası başa çatıb. İclasda daha 100-ə yaxın müraciətə baxılıb və həmin sənədlər hazırlanıb cənab Prezidentə təqdim olunacaq. Qeyd edək ki, komissiyanın iclaslarının 28 May Müstəqillik Günü münasibəti ilə nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilib.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə “Şərq”ə açıqlamasında dövlət başçısının 28 May münasibətilə bayram ərəfəsində əfv sərəncamı imzalayacağının gözlənilən olduğunu deyib:
“Mətbuata sızan məlumatlara görə, Əfv Komissiyasının iclaslarında 600-dən çox müraciətə baxılıb. Əslində isə rəsmi elan olunana qədər Komissiyanın iclaslarını, orada baxılan müraciətləri müzakirəyə çıxarmaq düzgün deyil. Çünki məlumatların öncədən ictimaiyyətə açıqlanması müəyyən neqativ hadisələrlə nəticələnə bilər. Ona görə də kimlərin azad ediləcəyini qabaqcadan deməyin tərəfdarı deyiləm. Bizim istəyimiz cəzasının böyük hissəsini çəkmiş və problemli məhbuslar siyahısında olmayan ayrı-ayrı fərdlərin əfv siyahısına düşməsidir”.
Ç.Qənizadənin sözlərinə görə, cənab prezident İlham Əliyev rəhbərliyi dövründə vermiş olduğu saysız Əfv fərmanlarında yüzlərlə məhkumu azad etməklə onların yaxınları da daxil minlərlə ölkə vətəndaşına sevinc bəxş edir:
“Əfv sərəncamının imzalanması elə bir humanist addımdır ki, bu, hər zaman cəmiyyət tərəfindən yaxşı qarşılanır. Çünki əfv siyahısında adı olan şəxslərlə yanaşı, onların ailə üzvləri, qohumları, dost-tanışları da ən az onlar qədər sevinir. Elə hesab edirəm ki, 28 May Respublika günü ilə əlaqədar olaraq imzalanması nəzərdə tutulan Əfv Sərəncamında da biz yüzlərlə məhkumun azadlığa qovuşmasına şahid olacağıq.
Mütəmadi imzalanan Əfv fərmanları fonunda budəfəki sərəncamın da 500-600 məhkuma şamil olunacağını ehtimal edirəm. Gərgin iş şəraitində bu məsələləri müzakirə edib, hər müraciəti detalları ilə araşdırıb ədalətli mövqe sərgilədikləri üçün Əfv Komissiyasının üzvlərinə böyük təşəkkür düşür. Biz hüquq müdafiəçiləri də öz növbəmizdə ölkə başçısının növbəti dəfə humanist mövqe sərgiləyəcəyini gözləyirik.
Yuxarıda da qeyd etdiyim kimi Azərbaycan Prezidentinin humanist siyasətinin tərkib hissələrindən biri də əfv sərəncamının imzalanmasıdır. Hamı maraqla növbəti əfv fərmanının verilməsində əzizlərinin, yaxınlarının bu siyahıda olub-olmayacağı barədə düşünür”.