Festivalda Azərbaycan öz startapları və yeni texnologiyaları ilə təmsil olunacaqdır
“Texnofest Azərbaycan”a hazırlıqlar başa çatır. Festivalın təşkilatçıları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və “Türkiyə Teknoloji Takımı” – T3 Vəqfidir.
Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və İşçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib. Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.
“Texnofest-2022” festivalının Azərbaycanda keçirilməsi hərbi aviasiyamızın qüdrətinin nümayişi, həm də təyyarəçilərimizin öz təcrübəsini, peşəkarlığının daha da artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Hər bir ordu, hər bir qoşun növü məhz hərbi təlimlər, festivallar vasitəsi ilə öz peşəkarlığını artırır, yeni bacarıqlar əldə edir. Bundan başqa, bu cür festivallar, təlimlər hər hansı bir qoşun növünün, hərbi birliyin güc və səriştəsini digər dövlətlərin müvafiq hərbi birləşmələri ilə paralel müqayisə şəklində qiymətləndirmək imkanı yaradır.
Ölkə ictimaiyyətinin qənaətincə, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu tərəfindən darmadağın edilən, fəqət buna baxmayaraq bu gün də müxtəlif təxribatlara əl atan Ermənistan bu festivaldan, Hərbi Hava Qüvvələrimizin “Texnofest-2022” festivalında sərgilədiyi yüksək peşəkarlıqdan dərs çıxarmalı, təxribatlardan çəkinməlidir. Rəsmi İrəvan anlamalıdır ki, Azərbaycanla hərbi müstəvidə yeni bir toqquşma Ermənistanın bir dövlət kimi sonu ola bilər.
“Texnofest” festivalının Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyəti və mahiyyətindən danışan millət vəkili Azər Badamovun “Şərq”ə açıqlamasına görə, “Texnofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalı müasir texnologiyaların və innovasiyaların təqdimatı sərgisidir:
“Hesab edirəm ki, “Texnofest” Azərbaycana yeni texnologiyaların gəlişini sürətləndirəcəkdir. Bu festivalda Azərbaycan öz startapları və yeni texnologiyaları ilə təmsil olunacaqdır. O cümlədən dünyanın ən inkişaf etmiş texnoloji şirkətləri də “Texnofest” Azərbaycanda nümayiş olunacaqdır”.
Millət vəkilinin sözlərinə görə, xüsusi marağa səbəb olacaq məqamlardan biri də odur ki, Türkiyənin Akınçı PUA-ları 2000 km məsafəni qət edərək Bakıda eniş ediblər və festivalda nümayiş olunacaq: “Bunu həm də Azərbaycanın gücünün göstəricisi hesab edirəm.
Çünki əvvəllər keçirilən hərbi paradlarda ağır döyüş texnikaları nümayiş etdirilirdi və ölkələr özünün hərbi gücü haqqında rəyini formalaşdırırdı.
Amma 44 günlük Vətən müharibəsində sübut etdik ki, ağır hərbi texnikaların dövrü bitib və indi müharibələrdə qələbəni ancaq müasir texnologiyalar hesabına daha tez təmin etmək mümkündür.
Festivalda təqdim olunacaq pilotsuz aparatlar və yeni texnologiyalar Azərbaycanın gücünü göstərəcəkdir. Müasir dövrdə ölkələrin böyüklüyü heç də önəm kəsb etmir. Hansı ölkə daha çox müasir texnologiyalara yiyələnirsə, o ölkə də daha güclüdür.
Bu baxımdan Azərbaycan müasir texnologiyaları önə çəkən ölkə olduğundan ən güclü ölkələrin sırasında yer aldığını hesab edirəm”.