“XXI əsr texnologiya əsridir. AMEA konkret hədəflərə əsaslanan heç bir layihə, kəşf, elmi nailiyyət qazanmayıb”
“AMEA-nın beynəlxalq arenaya inteqrasiyası zəruridir”
Azərbaycanın elm təminatçısı şübhəsiz ki, Azərbaycan Milli Elmlər Akademiyasıdır (AMEA). Son illər AMEA-nın fəaliyyətsizliyinə dair fikirlər səsləndirilir. Azərbaycan elminin gələcək aqibəti barədə müzakirələr aparılır. 26-29 may tarixlərində Bakıda keçirilən "TEXNOFEST Azərbaycan" festivalında AMEA-da iştirak edirdi. Elmlər Akademiyasının iştirakının nəticələrinə əsasən, AMEA Rəyasət Heyətinin xüsusi iclası keçirilib.
Toplantıda vitse-prezident, AMEA-nın “TEKNOFEST Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev danışıb.
O bildirib ki, AMEA festivalda Azərbaycanın intellektual məfhumu kimi təqdim edilməyib:
"TEKNOFEST Azərbaycan" festival bizə gələcək fəaliyyətimizi daha yaxşı qurmaqla bağlı müəyyən dərs verdi. AMEA-nın innovasiya, tətbiqi məsələlər ilə daxili və xarici bazara çıxması diqqəti o qədər də cəlb edən deyil. Sanki laqeydlik, inamsızlıq var. Sizə deyim ki, AMEA-ya kənardan o dərəcə etimad yoxdur.
Bu əhval-ruhiyyəni duymadıq. Akademiyanın güclü potensialı olub, yarandığı gündən elmin bütün istiqamətlərində böyük nailiyyətlər əldə edib. Amma burda hiss etdim ki, Elmlər Akademiyası olaraq müəyyən qədər nüfuzumuzu itirmişik. Bu məsələdə aktiv olmalıyıq. Festivalda iştirakımız barədə insanlara yorulmadan məlumatlar verməliyik. Biz fəaliyyətimizi müasir çağırışlara uyğunlaşdırmalıyıq”.
Elmlər Akademiyasının vəziyyətini "Sherg.az"a qiymətləndirən internet-media eksperti Səbuhi Abbasovun qənaətincə, Azərbaycan elmi ağrılı mərhələdədir:
"Dünyanın bir çox ölkəsində elmlə bağlı yeniliklər, müasir dövrün tələbləri AMEA kimi qurumda müzakirə olunur. Müxtəlif innovativ təkliflər irəli sürülür. Həmin təklif adekvat şəkildə müəyyən sahələrdə tətbiq edilir.
Bizim AMEA bu funksiyanı tamamilə itirmək üzrədir. Ən ağrılı məqam isə xüsusi tədbirin görülməməsidir. XXI əsr texnologiya əsridir. AMEA konkret hədəflərə əsaslanan heç bir layihə, kəşf, elmi nailiyyət qazanmayıb.
Hələ də 30 il öncəki tədris planına görə, “irəliləyir”. Köhnə, qalaqlanmış kitablar, standart elmi işlər və müdafiə proseduru və s. Azərbaycan elmi üçün acılı məqamdır. AMEA-da köklü islahatlara ehtiyac var. Yaxın gələcəkdə ölkəmizdə müasir dövrün tələblərinə cavab verən alimlərin yetişdirilməsi ilə əlaqəli problemlər yaranacaq.
Etiraf etməliyik ki, Azərbaycanda savadlı alimlər var. Onların arasında gənclər də mövcuddur. Gənclərin elmə marağı, töhfəsi də böyük miqyaslı ola bilər. Lakin uyğun şərait yaradılmalıdır".
Ekspertin fikrincə, şablon, köhnə "adətlər"i özündə cəmləşdirən prosedurlardan imtina etmək lazımdır. Yeni çağırışları qarşıya hədəf qoymalıyıq:
"Bəzi gənc alimlər sosial, məişət problemləri yaşayırlar. Tutalım, bir gənc alimin uğurlu elmi məhsulu var, lakin sözügedən problemlər ona mane olur. Belə halda dövlət, AMEA dəstək göstərməli, maraqlı rəqabət mühiti yaratmalıdır.
Qardaş Türkiyə, Rusiya, Çin, Avropa ölkələrinin elm mərkəzləri yeni kəşflərin, elmi nailiyyətlərin ocağına çevrilib. Azərbaycanda son 10-15 ilə nəzər salaq. AMEA-da regionda rezonans yarada biləcək hansı elmi uğurun tədqiqatını görmüşük?
AMEA həm kadr, həm də texniki potensiala, eləcə də, texnologiya parkına malikdir. Böyük imkanların olmasına rəğmən, bəzi bürokratik əngəllərə görə, adıçəkilən park fəaliyyətsizdir.
Vərəqlərdəki hesabatlara fikir verməməliyik. AMEA-da dərin islahatlar keçirilməlidir. Rəqabət mühitində şəffaflıq təmin olunmalıdır ki, alimlik səviyyəsində irəliləyən gənclər də, yollarından uzaqlaşıb başqa sahəyə yönəlməsinlər.
AMEA-nın beynəlxalq arenaya inteqrasiyası zəruridir. AMEA Azərbaycan elminə lazımi töhfəni vermir, tənəzzül getdikcə artır. İnformasiya və kommunikasiya texnologiyalarından yararlanaraq elmimizi yeni mərhələyə daşıya bilərik. İlkin növbədə şəffaf və rəqabət mühiti yaradılmalıdır. Təhsil alan gənclərin AMEA-ya marağı artırılmalıdır.
İndiki durumda onlarla gənc AMEA-nın fəaliyyətsizlinə görə, başqa istiqamətə yönəlir və yaxud dünya ölkələrinə dəvət alırlar. Onların beynindən ölkələrinin inkişafı naminə istifadə edirlər. Gələcək 10 il ərzində nəticə qazanmağımız üçün bunun qarşısını almalıyıq"