Azərbaycan-Türkiyə münasibətləri öz zirvəsinə yüksəlib və keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub.Ulu öndər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümümmilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət" fəlsəfəsi ilə əsaslı təmələ sahib olan tərəflərin əlaqələri daha inkişaf etdirilir.Ölkələr arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə artan xətlə irəliləyir. İyunun 5-də Azərbaycanla Türkiyə Qarabağın ürəyi Şuşada tarixi bəyannaməyə imza atıb. Şuşa Bəyannaməsi iki qardaş ölkənin maraqlarının qorunması istiqamətindədir. Müdafiə naziri general-polkovnik Zakir Həsənov da bildirir ki, hazırda Azərbaycan Ordusu “Şuşa Bəyannaməsi”nin tələblərini planlı şəkildə yerinə yetirir.
Ankara - Bakı münasibətlərini "Sherg.az"a dəyərləndirən siyasi analitik Aqşin Kərimovun sözlərinə görə, Azərbaycanla Türkiyə hərbi-texniki əməkdaşlığın yeni mərhələyə qaldırılması üçün yeni saziş üzərində işləyir:
"Bu, “Şuşa Bəyannaməsi”ndən irəli gələn məqsədlərin icrası üçün vacibdir. Həmçinin hərbi-texniki əməkdaşlıq strateji müttəfiqliyin ruhuna tam uyğunlaşdırılmalıdır. Düzdür, əməkdaşlıq onsuz da var, amma onun rəsmiləşdirilməsi zərurəti meydana çıxır.
“Şuşa Bəyannaməsi” yol xəritəsidir, sözügedən xəritə üzərində isə detallar müəyyənləşdirilməlidir. Yeni silahların idxalı, birgə komandanlıq mərkəzlərinin yaradılması, Türkiyənin Cənubi Qafqazda hərbi iştirakını gücləndirməyin mexanizmləri danışıqlar masasındadır.
Münaqişə bitsə də, risklər qalır. Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiya və demarkasiya prosesləri zamanı üçüncü qüvvənin əlinə bəhanələr düşə bilər.
Belə təqdirdə isə Ermənistan hədəfdə olacaq və ona sahib çıxmaq istəyənlər də mesajını alacaq. Azərbaycanla Türkiyə perspektiv üçün mümkün təhdidləri nəzərdən keçirir".