Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması hazırda ən aktual mövzudur. Rəsmi Bakı rəsmi İrəvanla sülh müqaviləsinin imzalanmasında maraqlıdır və buna dair zaman-zaman bəyanatlar səsləndirir. Lakin Ermənistan bu çağırışlara müsbət cavab vermir və ya verə bilmir.
Ermənistan daxilindəki müxalif qüvvələr etiraz aksiyaları keçirirlər. Bu isə prosesi “tormozlayır”. Yeri gəlmişkən, sülh müqaviləsi ilə bağlı danışıqların başlanması üzrə Azərbaycan nümayəndə heyəti hazırdır.
Təxminən bir ilə yaxındır, Ermənistandan sülh çağırışına cavab gəlmədiyini bildirən Azərbaycan XİN-i Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan bu ilin əvvəlində iki ölkə arasında mümkün sülh sazişinin əsas prinsiplərini yazılı şəkildə İrəvan administrasiyasına çatdırıb.
O, Azərbaycanın addımının beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığını və təşəbbüslərin sürətləndiyini də vurğulayıb.
Prosesləri "Sherg.az"a dəyərləndirən millət vəkili Asim Mollazadənin qənaətincə, rəsmi Bakı səbrli siyasət yürüdür:
"Azərbaycan ərazilərini işğaldan azad edib. Şuşa bizim mədəni paytaxtımızdır. Dövlətimiz bölgədə prosesləri inkişaf etdirmək, sülh istiqamətində çalışır. Azərbaycanın siyasəti tərəfdaşlıq və əməkdaşlıq məqsədilə fərqli ölkələrin birgə yaşayışına nail olmaq və sabitlik yaratmaqdır. Məqsədimiz sülh sabitlik və əməkdaşlıq mühitidir.
Bölgədən uzaq yaşayan erməni icmaları sülh istəmirlər. Yeni müharibələrə təhrik etmək istəyirlər. Ancaq Azərbaycanın siyasəti sabitlik gətirmək üçün kifayət qədər güclüdür. Azərbaycanın müzəffər, qüvvətli Silahlı Qüvvələri var. Kimsə təxribat törədə bilməz".