Nazirlikdə təmizləmə!- “Orduda  rüşvət vətənə xəyanətə bərabərdir”

Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib.  Tibb xidməti polkovniki Azad Abdullayev Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir. O, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə tutulub. Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Müdafiə Nazirliyində korrupsiya həbsləri ilə bağlı "Sherg.az"a danışan ehtiyatda olanpolkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərovun qənaətincə, kimliyindən aslı olmayaraq xidməti dövründə qanunsuzluğa yol verən şəxs qanun qarşısında cavab verməlidir:

 "Təssüf  ki, bəzi vəzifəli şəxslər, şöbə müdirləri rəislər və digərləri özlərini xidmətdə ikən qanundan üstün tuturlar. Bir müddət sonra belə hadisələrə təəccüblənmək lazım deyil. Korrupsiyanı bir nəfər etmir. Bu şəxs istintaqa verdiyi məlumatlarda yəqin, ondan da yuxarı vəzifəlilərin adını çəkəcək. Onlar da məsuliyyət daşımalıdır. Ya rəhbərlik, ya da yaradılmış komissiya şəxslərin xidməti fəaliyyəti yoxlayır. Komissiya nöqsanları görməyibsə və yaxud səhlənkarlığa yol veribsə, həbs cəzası alanlarla bərabər, yoxlamanı aparan şəxslər də cavabdehdir".

Ü.Cəfərovun fikirlərinə əsasən, güc strukturları ölkənin müqəddəs qurumlarıdır:

"Yaxın vaxtlarda Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin vəzifəli şəxsləri həbs olundu. Müdafiə Nazirliyi Maliyyə Nazirliyindən eləcə də, Hesablama Palatasından yoxlama aparılıb. Sözügedən şəxslər daha çox  məsuliyyət daşıyır. Nöqsanları, çatışmazlıqları necə görməyiblər? Görməyiblərsə, böyük qəbahətdir, görüb və maddi maraqlar müqabilində göz yumublarsa, Vətənə xəyanətə bərabərdir. Sərhədlərin qorunması, ölkənin müdafiəsi və təhlükəsizliyi düşmənlə üz - üzə qalmaq deməkdir. Bu işdə  “əli” olan hər kəs cəzalanmalıdır. Əgər cavabdeh şəxs nöqanlara qarşı tədbir görməyibsə, ağır nəticələnə bilər".