Növbə Müdafiə Nazirliyindədir! – “Sülhməramlılarla bağlı məsələni gündəmə gətirməlidir”

“Ermənistandakı revanşist qüvvələr, Baş Prokuror da belə addımlar atırsa, sülhməramlılar maneçilik törətirmirsə, arxasında Rusiya qüvvələrinin maraqları dayanır"


Ermənistanın baş prokuroru Azərbaycan Respublikasının ərazisinə qanunsuz səfərə yollanıb. Qondarma qurumun “nümayəndəsi” ilə görüş keçirib. Azərbaycan XİN - i Ermənistan tərəfinin bu məsuliyyətsiz və təxribatçı addımına dərhal reaksiya verib. Nazirlikdən bildirilib ki, sözügedən addımlar bölgədə sülh və təhlükəsizliyin bərqərar olması istiqamətində göstərilən səylərə ciddi xələl gətirir.

Hazırda iki ölkənin normallaşma prosesi üçün işlər aparılır. Təxribata əsasən demək mümkündür ki, erməni tərəfi səmimi davranış sərgiləmir. O cümlədən beynəlxalq vasitəçilərin səylərinə kölgə saldığını bir daha təsdiqləyir.

Hadisəni "Sherg.az"a  dəyərləndirən siyasi elmlər doktoru, politoloq Cümşüd Nuriyevin qənaətincə, ermənilər həmişə danışıqlardan öncə təxribat törədirlər:

"Sülh sazişi imzalanmadığı, sərhədlər müəyyənləşmədiyi təqdirdə ermənilər təxribatlardan əl çəkməyəcək. Bu işdə rusların da “əli” var. 
Azərbaycanın güc strukturu Müdafiə Nazirliyidir. İl yarım ərzində sülhməramlı qüvvələrin nəzarəti altında həm Fransanın, həm Ermənistanın, eləcə də, ölkəmiz əleyhinə insanların qanunsuz səfərləri Müdafiə Nazirliyi tərəfindən rəsmi Moskavaya bildirilməlidir. Onların "uçotu"da aparılmalıdır.

Azərbaycan XİN-i öz işini gördü. Müdafiə Nazirliyi rus sülhməramlıları ilə bağlı məsələni gündəmə gətirməlidir. Milli Məclisə, həmçinin Rusiya Müdafiə Nazirliyinə müraciət ünvanlamalıdır. Milli Məclisin müvafiq komitəsinin qərarı çıxmalıdır. Qərara görə də, rus sülhməramlıların çıxmasını nəinki 2025-ci ilə kimi, hətta 2023-cü ili də gözləyə bilmərik".

Politoloqun fikrincə, istənilən vaxt Azərbaycan rus sülhməramlılarının Qarabağdan çıxmasını gündəmə gətirməlidir:

"Əks təqdirdə bizi ciddi qəbul etməyəcəklər. Rusiya Ukraynadakı bacarıqsızlığının əvəzini başqa yerdə çıxmaq istəyir. Azərbaycan ehtiyatlı davranmalıdır. Mediamız da məsələni diqqətdə saxlamalıdır və saxlayır. Növbə Müdafiə Nazirliyindədir. 

Ermənistandakı revanşist qüvvələr, Baş Prokuror da belə addımlar atırsa, sülhməramlılar maneçilik törətirmirsə, arxasında Rusiya qüvvələrinin maraqları dayanır".