15 iyun Türkiyə ilə Azərbaycan arasında imzalanan müttəfiqlik münasibətləri haqqında "Şuşa Bəyannaməsi”nin birinci ildönümüdür. Ötən bir il ərzində Türkiyə-Azərbaycan qardaşlığı, müttəfiqliyi daha da irəliləyib. Bakıda keçirilən möhtəşəm "TEXNOFEST"də münasibətlərin daha da istiləşməsininin şahidi olduq.
Festival çərçivəsində Bakı səmasında Azərbaycanın və Türkiyənin qırıcı təyyarələri dövrə vurdular. Qars müqaviləsində olduğu kimi, "Şuşa Bəyannaməsi" də Ermənistan üçün ciddi narahatlığına yaradır. Tarixə nəzər yetirsək, görərik ki, Ermənistanın hələ yüz il əvvəl imzalanan “Qars müqaviləsi” ilə bağlı böyük narazılıqları olub. Çünki sözügedən müqavilə ermənilərin yeni ərazi iddialarının qarşısına keçilməz bir sədd çəkirdi. Məhz bu baxımdan, "Şuşa Bəyannaməsi"nin Qars müqaviləsinə istinad etməsi heç də təsadüfi deyil. Qarabağın düşmən işğalından qurtarılması, "Şuşa Bəyannaməsi"nin imzalanması Azərbaycanın və Türkiyənin regionda yeni geostrateji güc mərkəzi kimi ortaya çıxmasına imkan verib. Bir sözlə, Azərbaycan və Türkiyə dünya miqyasında nadir qardaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi sərgiləyir.
"Şuşa Bəyannaməsi"nin tarixi əhəmiyyətini "Sherg.az"a dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauzun fikirlərinə əsasən, iki dövlət arasında imzalanan saziş siyasi, hərbi, iqtisadi, mədəni və digər sahələri əhatə edən unikal paktdır:
"Şuşa Bəyannaməsi" ilə "bir millət, iki dövlət" ideyasının lazım gəlsə, "bir millət, bir dövlət, hətta bir ordu" halına çevriləcəyi prinsipcə əsaslandırılıb.
Bəyannamə Birləşmiş Millətlər Təşkilatının beynəlxalq hüququ çərçivəsindədir. O, dinc məqsədlər üçün nəzərdə tutulub və müdafiə xarakteri daşıyır. Hərbi, müdafiə, güvənlik siyasətində ortaq hərəkətetmə, dəyərləndirmə qərarı verilib. Cənab Prezident R.T.Ərdoğanın "TEXNOFEST Azərbaycan"da dediyi kimi, "Türkiyə kimi bura da bizim vətənimizdir. Türkiyənin hər qarışı da sizin vətəninizdir. Bir il müddətində böyük nəticələr qazanılıb. Özəlliklə hərbi fəaliyyətlərə dair iki ölkənin Silahlı Qüvvələri müştərək şəkildə suda və quruda birgə təlimlər gerçəkləşdirib. Qarsdakı "Qış təlimləri"ndən tutmuş, ən son Türkiyədə reallaşan “Heydər Əliyev-2022” təlimləri həyata keçirilib".
Türkiyəli general "Şuşa Bəyannaməsi"nin önəmli nüanslarını vurğulayıb:
"Türkiyə ordusu modeli çərçivəsində Azərbaycan silahlı qüvvələrinin komando birləşmələrinin yaradılması, yüksək hərəkət qabiliyyəti ilə gecə-gündüz daha çox hərəkət edə bilən xüsusi təyinatlı zabit və komandoların tətbiqi "Şuşa Bəyannaməsi"nin ortaya qoyduğu mühüm hadisələrdir. Eləcə də, müdafiə sənayesi sahəsində əməkdaşlıq və müştərək istehsalatların aparılması işində irəliləyiş əldə olunub. Məsələn, "TEXNOFEST Azərbaycan" çox uğurla baş tutdu. Bu sahədə birgə istehsal, birlikdə dünya bazarlarına çıxmaq, öz ehtiyaclarını ödəmək istiqamətində çox mühüm addımlar atılıb.
"Şuşa Bəyannaməsi"nin bənzərsiz maddəsi isə birgə təhlükəsizlik komissiyasının yaradılmasıdır. Mütəmadi olaraq görüşmək, regional və qlobal təhlükələri aşkarlamaq və birlikdə mübarizə aparmağa hesablanmış fəaliyyətdir. Təhlükəsizlik komissiyası ilə birgə hadisələrin perspektivi və təhlükəsizlik konsepsiyası üzərində aparılan işlər Rusiya-Ukrayna müharibəsində fonunda öz mahiyyətini göstərdi".
Y. Karauzun qənaətincə, yalnız hərbi fəaliyyət deyil, qardaş ölkələr arasında kosmos, hava və media sahəsində də əlaqələrin genişləndirilməsi istiqamətində addımlar atılıb:
"Ona görə də "Şuşa bəyannaməsi" beynəlxalq hüquq baxımından son 200 ilin ən yüksək səviyyəli müttəfiqlik müqaviləsidir. Dünyada iki başqa ölkə arasında belə bir əlaqə yoxdur. Eyni zamanda "Şuşa Bəyannaməsi" "İstanbul Bəyannaməsi" ilə yeni mərhələyə qədəm qoyan türk dövlətlərinin təşkilatlanmağa təşviq edib. Türkiyənin Qazaxıstan və Özbəkistanla əlaqələri, xüsusən də Azərbaycanın Türkmənistanla münasibətləri başda olmaqla, ikitərəfli əlaqələrin inkişafına, türk dünyasının ümumilikdə özünü tapmasına və 2030-cu il baxışı kontekstində irəliləməsinə şərait yaradıb.
İcra mexanizmi prezidentlər səviyyəsində, nazirliklə razılaşdırılaraq, hər sahədə davam edir. Yaxın vaxtlarda digər iki dövlət arasında "Şuşa Bəyannaməsi"nə oxşar sazişin imzalanacağını gözləmirəm. Çünki "Şuşa Bəyannaməsi" iki xalqın eyni mənşə və köklərə söykənən dostluq və qardaşlığının nəticəsidir. Bu dostluqda maraq, mənfəət yoxdur. Başqa ölkələrin ərazi bütövlüyünü hədəf alan qanunsuzluq yoxdur. Əksinə, vahid milli hüquq, beynəlxalq hüquq normaları "Şuşa Bəyannaməsi"ni ərsəyə gətirən əsas məsələlərdəndir".