Ermənistan vaxtı doğru dəyərləndirməsə... – “Qarşımızda hərbi yol dayanır” - REAL İZAH

Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması istiqamətində işlər görülür. İkinci Qarabağ müharibəsi başa çatandan bəri rəsmi Bakı Ermənistana sülh təklifi edir.Müharibədən sonra Ermənistan tərəfdə yenidən revanşist qüvvələrin baş qaldırması bir daha təsdiqləyir ki, ermənilər hələ bu müharibədən nəticə çıxarmayıblar.Amma Azərbaycan bölgədə sülhün, sabitliyin yaradılmasında ümidlidir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Qlobal Bakı Forumu keçirilib. Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında Ermənistanla münasibətlərə diqqət çəkib.

Ölkə başçısı bildirib ki, Azərbaycan Ermənistanla münasibətlərinin normallaşma prosesi üçün öz təkliflərini verib. Dövlət başçısının sözlərinə görə, Azərbaycan Ermənistanın 5 maddəlik baza prinsiplərini (rəsmi Bakı təqdim edib) qəbul etməsindən məmnundur:

“Bu, pozitiv dinamikadır. Biz indi praktiki tətbiqləri həyata keçirməliyik. Azərbaycan öz növbəsində sülh müqaviləsinin hazırlanması üçün komissiya yaradıb. Biz gözləyirik ki, Ermənistan da eyni addımı atacaq. Əgər bu, tezliklə edilsə, sonra danışıqlar başlayacaq".

Mövzunu "Sherg.az"a dəyərləndirən millət vəkili Fazil Mustafanın qənaətincə, rəsmi İrəvan hələ də qərar verə bilmir:

"Azərbaycan öz mövqeyini açıq, birmənalı şəkildə bəyan edir. Ermənistan isə mürəkkəb kompozisiya içərisindədir. Məğlubiyyətin sonrakı mərhələsinin daha acınacaqlı olacağını anlamayanlar var. Ona görə də, problem qüvvədədir. Biz qalib tərəfik, öz təkliflərimizi irəli sürürük. Ermənistanın məsələlərə müsbət yanaşmadığını gördükdə, qarşımızda hərbi yol dayanır. Ermənistan onlara verdiyimiz vaxtı doğru dəyərləndirmir".