FHN-nin amfibiya təyyarəsi Türkiyəyə yola düşdü:“Bunu sadəcə alqışlamaq olar" – Qardaş dəstəyi! 

Türkiyədə Meşə yanğını baş verib.Türkiyənin Marmaris rayonunda baş verən meşə yanğınının böyük ölçüdə nəzarət altına alındığı bildirilsə də, yanğınlar hələ də davam edir. Türkiyə mətbuatı yanğının davam etdiyi ərazilərdən yeni görüntülər yayıb. Qeyd olunur ki, yanğın xüsusən ərazidə müşahidə edilən küləyin təsiri ilə ətrafa yayılır. Ümumilikdə 2884 hektar ərazinin yandığı bildirilir.

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin amfibiya təyyarəsi Türkiyəyə yola düşüb. “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğla bölgəsinin Dalaman Hava Limanında eniş edəcək.

Xatırladaq ki, 2021-ci ilin iyul-avqust aylarında dost ölkədə geniş yayılan meşə yanğınlarının söndürülməsində də Azərbaycan yanğınsöndürənləri iştirak etmiş, eləcə də amfibiya təyyarəsi göndərilmişdi.

2021- ci ildə olduğu kimi bu gün də Azərbaycanın  öz qardaş ölkəsinə köməyə tələsməsi və əlində olan bütün imkanları səfərbər etməsi qürur hissi doğurub

Azərbaycanla Türkiyənin dırnaqla ət kimi ayrılmaz olduğunu deyən "Yeniçağ" media qrupunun rəhbəri Aqil Ələsgər "Sherg.az"a açıqlamasında bildirib ki, belə məsələlərdə Azərbaycan və Türkiyə münasibətləri digər ölkələrə örnəkdir:

"Azərbaycanın Türkiyənin yardımına tələsməsi təəcüblü hal deyil. Bu bizim əlaqələrimizdə normal bir hal kimi qiymətləndirilməlidir. Əlbəttə, biz istəmirik ki, hansısa bədbəxt hadisələr olsun. Lakin yay aylarıdır və belə hadisələrin olması gözləniləndir. Həm Azərbaycan FHN-nin, həm dövlətin bu məsələyə reaksiyasını sadəcə alqışlamaq olar."