Prezident Türkmənistanda! – Türk dünyasının vahid platforması inşa edilir? - ŞƏRH

Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevi iyunun 29-da Türkmənistana rəsmi səfər edib. Səfərin məqsədi Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etməkdir. AZƏRTAC xəbər verir ki, Aşqabad Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Türkmənistan Nazirlər Kabineti sədrinin və xarici işlər nazirinin müavini Rəşid Meredov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər çərçivəsində İlham ƏliyevinTürkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov və Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşü olub.

Səfərlərin əhəmiyyətindən danışan beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az" bildirib ki, bu addımlar türk dünyasının vahid platformasını inşa etmək niyyəti daşıyır:

"Dəyişən dünyada  türk ölkələrinin mütləq bir birlik yaratmaq inəmkanı var. Bu birliyin yaranma addımı ilk olaraq Azərbaycan Türkiyə münasibətləri ilə atıldı. Daha sonra prezidentin Özbəkistan səfəri, Qırğızıstan ilə əməkdaşlıq müqaviləsinin imzalanması, Qazaxıstan prezidentinin Azərbaycana gözlənilən səfəri,Türkmənistan səfəri önəmli siqnallar ötürür. Bütün bunların hamısı onu göstərir ki, mərkəz inşa etmək prosesi gedir. Bu birlik öncə iqtisadi baxımdan mümkün olacaq. Ona görə ki, əvvəlcə kommunikasiyaların qurulması prosesi gedir. Bu kommunikasiyalara Qarabağ müharibəsinin nəticəsi olan Zəngəzur dəhlizi üzərindən çıxış, Xəzəryanı ölkələrin xüsusən də Türkmənistan və Qazaxıstan vasitəsilə ümumi bir istiqamətin inşası daxildir. Köhnə dünya iki vacib mərkəz arasındadır. Bunlardan biri okeanın digər tərəfindəki ABŞ- dır. Lakin okeandan bu tərəfdə Böyük Britanya və Çin arasında kommunikasiyanın qurulması prosesi gedir. Bunun üzərində əlaqələndirici iki böyük ölkə var: Azərbaycan və Türkiyə. Bu proseslərdə vahid türk dünyası mərkəz arasında körpü rolu oynayacaq".