5 iyul 2022-ci il tarixində Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi tamam olur.Artıq 20 ildir ki, diasporumuzu təşkilatlandıran, ona dəstək göstərən dövlət qurumu fəaliyyət göstərir. Xüsusilə də son illər ərzində Diasporla İş üzrə Dövlət Komitəsi güclənən Azərbaycan dövlətçiliyinin əsas sütunlarından birinə çevrilərək, ölkəmizdən kənarda yaşayan həmvətənlərimizin birliyi, həmrəyli uğrunda böyük işlərə imza atıb.Bu gün Azərbaycan diasporunun səsi dünyanın demək olar ki, bütün ölkələrindən eşidilir. Bu da diaspor işinin düzgün şəkildə yerinə yetirilməsindən, azərbaycanlıların birlik və həmrəyliyindən irəli gəlir.
Diasporun inkişafında böyük addımlar atanlardan biri də Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevadır.Mehriban xanımın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəbləri fəaliyyətlərini genişləndirir. Hazırda Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən “Qarabağ məktəbi”ndə yüzlərlə azərbaycanlı uşaq təhsil alır. Bu dəstək sayəsində 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib.
Görülən işləri yüksək qiymətləndirən diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk "Sherg.az"a bildirib ki, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə görülən işlər xaricdə yaşayan azərbaycanlı uşaqların öz dilində təhsil alması, milli ruhda böyümələrinə böyük təsir göstərir:
"Heydər Əliyev Fondu yaranan gündən bu günə qədər Azərbaycanın təbliğatı ilə bağlı uğurlu və effektiv iş ortaya qoyub. Fond dünyada Azərbaycanın dostlarının sayının çoxalması ilə bağlı beynəlxalq konfranslar, tədbirlər və layihələr həyata keçirilib. Fond fəaliyyətində xaricdə Azərbaycan diaspor təşkilatlarının birləşməsinə və milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına xüsusi önəm verir. Bu iş birbaşa olaraq Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilir. Bu gün Ottava, Nant, Bern, Varşava, Stokholm, London kimi şəhərlərdə fəaliyyət göstərən “Qarabağ məktəbi”ndə yüzlərlə azərbaycanlı uşağın təhsil alması, onların vətənlə bağlılığını gücləndirəcək. Həmçinin, milli ruhda böyümələrinə böyük təsir göstərir. Sevindirici hal odur ki, 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib və bu onların şüurlarında Qarabağa, vətənə olan sevgilərini sönməyə qoymayacaq. Çünki hər şey təhsildən başlayır. Təhsil alan uşaqlar gələcəkdə yaşadıqları ölkənin qanun və qaydalarına riayyət etməklə yanaşı, eyni zamanda da Vətənə olan sevgiləri möhkəm,sarsılmaz tellərlə bağlı olacaqlar. Bu istiqamətdə həyata keçirilən və ortaya qoyulan işin əhəmiyyəti böyükdür. İşlər sistemli şəkildə davam edərsə, bu işin nəticəsi arzuladığımız kimi olacaq.
Fakt odur ki, xaricdə fəaliyyət göstərən erməni diasporu Ermənistanda anadan olmayan öz uşaqlarını milli ruhda böyüdürlər. Onları yalançı və qondarma tarixlə tərbiyələndirirlər. Sabah onlar yüksək vəzifələrdə çalışarkən Ermənistanın maraqlarına xidmət edirlər. Dəfələrlə beynəlxalq tədbirlərdə bunun şahidi olmuşuq. Biz də öz tariximizi gənclərimizə öyrətməliyik. Bunun üçün bizim yetərincə potensialımız var".