Azərbaycanda bir neçə internet tarifi ləğv edilir. «Sherg.az» xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə (RİNN)məxsus “Aztelekom” MMC avqustun 6-dan etibarən 4 mbit/s və 10 mbit/s optik internet tariflərini ləğv edir. MMC-dən verilən məlumata görə, bu tariflərin istifadəçiləri üç qat daha sürətli olan 15 mbit/s və 30 mbit/s tarif paketlərinə keçiriləcək.
Azərbaycanda provayderlərin internetin sürətini zəif ,qiymətini isə baha təklif etməsi əhali tərəfindən narazılıqla qarşılanır. Sosial şəbəkə istifadəçiləri qeyd edirlər ki, texnologiyanın inkişaf etdiyi bir zamanda internetin sürətinin zəif olması qəbulolunmazdır.
Nazirlik tərəfindən sürətli internet paylanması üçün infrastrukturun qurulduğunu deyən "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Sherg.az"a bildirib ki, bu hadisəni Azərbaycanda yüksək keyfiyyətli internetə keçid kimi dəyərləndirmək olar:
"Yarım il bundan öncə RİNN yeni bir layihəyə start vermişdi. Sözügedən layihə, Bakı şəhərində və regionlarda dövlət özəl tərədaşlığı ilə GPON texnologiyası ilə internetin əldə olunması ilə bağlıydı.GPON texnalogiyası bütün Azərbaycan üzrə geniş zolaqlı, yüksək keyfiyyətli və sürətli internetə əlçatanlığı təmin edir. Burdan belə nəticə çıxarmaq olar ki, artıq nazirlik infrastrukturu qurub.
Belə bir təklif irəli sürülüb ki, kim zəif sürətlər alırdısa bir iki aydan sonra onlara daha yüksək sürət veriləcək.
Hesab edirəm ki,15mbit/s və 30mbit/s yetərincə yüksək sürətlərdir və bununla indiki mərhələdə razılaşmaq olar.Yeni sürətə keçidlə bağlı ümid edirəm ki,qiymətlər sərfəli və cəlbedici olacaqdır".