“Rusiyanın bir addımlığımızda hərbi baza yaratması enerji resurslarımıza təhlükədir"

"Tikilən bazanın məqsədi əslində Tovuz rayonu ərazisindəki Azərbaycandan Avropaya keçən enerji resursları marşrutlarını təhdid altında saxlamaqdır”

“Rusiya bununla həm Azərbaycana, həm də bizim enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiyimiz Avropa ölkələrinə təzyiq göstərəcək”


Ermənistanın Aygepar kəndində Rusiyanın hərbi bazasının yaradılacağı deyilir. Erməni mediası yazır ki, Ermənistanın Tavuş vilayəti Berd rayonunun Aygepar kəndində bir aydan çoxdur ki, qızğın tikinti işləri gedir. Hətta hökumət saytları da yazır ki, Ermənistan ərazisindəki Rusiya hərbi bazasının dislokasiya ünvanlarının dəyişməsinə dair protokola uyğun olaraq Rusiya tərəfinə yeni torpaq sahələri və daşınmaz əmlak verilir.  

Son günlər sosial şəbəkələrdə Azərbaycan və Ermənistan seqmentində Rusiyanın Tovuzun bir kilometrliyində yeni hərbi baza tikməsi haqda yayıln məlumatlar əhali arasında narahtlığa səbəb olub. Hesab edilir ki, Rusiyanın bu addımının altında gizli niyyətlər yatır.

 Rusiyanın regiondakı vəziyyətin stabiləşməsini istəmədiyini deyən hərbi ekspert Üzeyir Cəfərov "Sherg.az"a bildirib ki, Rusiyanın bir addımlığımızda hərbi baza yaratmasında heç də xoş niyyət yoxdur:

 "Tikilən bazanın məqsədi əslində Tovuz rayonu ərazisindəki Azərbaycandan Avropaya keçən enerji resursları marşrutlarını təhdid altında saxlamaqdır.

Rusiya bununla həm Azərbaycana, həm də bizim enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq etdiyimiz Avropa ölkələrinə təzyiq göstərəcək.Əlibəyli kəndi Ermənistana heç bir narahatlıq törətmir, əksinə Ermənistan tərəfi hər zaman burada təxribatlar törətməyə cəhd göstəriblər. 

Biz Ermənistanla sülh bağlmağı planlaşdırırıqsa, Rusiyanın burnumuzun dibində bir bazası ola-ola ikinci bazanı yaratması qəbulolunmazdır. Xarici işlər Naziri Ceyhun Bayramov bir neçə gündür ki, çıxışlar edir, amma bu məsələlərdən danışmır.

Bu proses gündəmə gəlməlidir. Rusiyanın təhlükə yaratdığı bir zamanda bizim seyirci mövqeyi tutmağımız xoşagəlməz haldır. Rusiya Cənubi Qafqazdan çıxmalıdır”.