Azərbaycan birinci hədəfinə çatdı: Erməni ordusu Qarabağdan çıxarılır!

İyulun 16-da  Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.Görüş Gürcüstanın paytaxtı Tbilisidə baş tutub. Bildirilir ki, Nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar. 

Görüş zamanı C.Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb. Humanitar məsələlərə toxunan C.Bayramov 4 minə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Danışıqları şərh edən beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli "Sherg.az"a bildirib ki, görüşün keçirildiyi zaman Azərbaycan Prezidenti İlham Əliyev yarım illik hökumət hesabatını qəbul edirdi:

"Prezident İlham Əliyevin burada səsləndirdiyi fikirlər, bizim bundan sonrakı addımlarımız üçün yol xəritəsi rolunu oynayır. Öncə Prezident qeyd etdi ki, Ermənistan silahlı qüvvələri və Qarabağdakı terrorçular bölgədən hələ də çıxmayıb. Bu hal 10 Noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməməsidir. Burada həm Ermənistan həm də müqavilənin icrasına cavabdeh Rusiya məsuliyyət daşıyır. Bu mənada biz artıq alternativ yollara əl ata bilərik. Prezident bu sözləri ona görə deyib ki, iyun ayında rus ordusunun  elitası Bakıda bildirmişdi ki, erməni ordusu ay sonuna qədər buradan çıxacaq. Prezident də, demək istəyir ki, artıq iyul ayıdır . Amma  hələ də erməni silahlıları bölgədən  çıxmayıb. Ölkə başçısı Azərbaycan ordusunun potensialından istifadə etməklə bağlı mesaj verdi. Mesajnan eyni ana təsadüf edən Mirzoyan- Bayramov görüşü baş tutdu.

 Ə Əlibəyli qeyd edib ki, prezidentin məlum çıxışı ilə bağlı erməni tərəfi xəbərdar deyildi. Buna görə də Mirzoyan, Bayramov görüşündə heç bir uğur əldə olunmadı:

"Ermənilərin düşüncəsi ondan ibarətdir ki,yenə zamanı uzatsınlar və Ermənistanın maraqlarını müdafiə edəcək qlobal şərait yaransın. Onlar Rusiya, ABŞ münasibətlərinə və Fransanın Avropadakı vəziyyətinə baxaraq bundan mədət ummağa çalışırlar.Amma ölkə rəhbərinin sərt açıqlamalarından sonra Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan açıqlama verdi ki, biz artıq erməni ordusunu Qarabağdan çıxardırıq və bu proses sentyabrda başa çatacaq. Azərbaycan bununla birinci hədəfinə çatdı.

 İkinci hədəfimiz isə əsas strategiyamız olan Zəngəzur dəhlizi üzərinədir. Ordunun əməliyyatlar meydanının Zəngəzura yönəlməsi və beynəlxalq iradənin prinsipcə bu prosesə qarşı olmadıqlarını nəzərə alsaq, biz də proseslərin sürətlənməsini istəyirik. Zəngəzur dəhlizi dünyada münaqişələrin baş verdiyi bir zamanda həm Türkiyə ilə-Azərbaycanın , həm Avropa ilə  Asiyanın, həm də Naxçıvanla Azərbaycanın birləşməsində mühüm rol oynayır".