Dünən Tehranda İran, Türkiyə və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib. Astana üçlüyünün sammitində Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında ikili görüş baş tutub. Görüş zamanı V.Putin Ərdoğana deyib ki, bu yaxınlarda Xəzər sammiti çərçivəsində Azərbaycan Prezidenti ilə görüşüb.O, bildirib ki, Sizə Əliyevdən böyük salam gətirmişəm.
Rusiya prezidentinin bu sözləri Azərbaycan seqmentində müzakirələrə səbəb olub.
Putinin bu çıxışının planlaşdırılmış olduğunu deyən siyasi analitik Turab Rzayev "Sherg.az"a bildirib ki, Rusiya rəhbəri burada Cənubi Qafqaz hələ də, mənim nəzarətimdədir demək istəyir:
"Azərbaycan və Türkiyə arasındakı münasibətlər çox güclüdür. Xüsusən də, “Şuşa Bəyannaməsi”ndən və onun ratifikasiyasından sonra bizim vasitəçilərə ehtiyacımız yoxdur. Amma Putin burada söz oyunu oynayaraq çatdırmaq istəyib ki, Azərbycan prezidentinin Ərdoğana mesajını mən çatdırdım.
Çünki mən onunla daha yaxınam. Rusiya və İranda məlumat var ki, Azərbaycan Zəngəzur dəhlizinin açılmasını və erməni silahlı qüvvələrinin ərazisindən çıxarılmasını tələsdirir. Bu hal baş verməyəcəyi təqdirdə Azərbaycan zor gücündən istifadə edə bilər.
Putinin və Xameneinin verdiyi son açıqlamalar Azərbaycanın Türkiyəyə verəcəyin dəstəyin və bölgədə atacağı addımların qarşısını almaq üçündür. Əsas istəkləri odur ki, Azərbaycan Zəngəzur dəhlizinin açılışında iştirak etməsin. Çünki burda həm Rusiya həm də, İran üçün həyati məsələlər var. Lakin Azərbaycan bu məsələlərdə qətidir.
Rusiyanın Azərbaycan adından saxta salamlar çatırmaqdansa, öhdəsinə götürdüyü öhdəlikləri yerinə yetirməsi bizi və Türkiyəni daha çox məmnun edər".