Erməni təxribatı intensivləşir!- İran təhrik edir? – AKTUAL

Ötən sutka ərzində erməni silahlı birləşmələri tərəfindən ümumilikdə 9 dəfə təxribat xarakterli silahlı insident törədilib. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Bunlardan 2-si Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Saybalı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərdən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atəşə tutmaqla baş verib.

Digər 7 insident isə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Tərtər, Ağdam, Xocavənd və Xocalı rayonları istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutmaqla qeydə alınıb.
Bütün hallarda Ordumuzun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Təxribatların İranın qızışdırması ilə törədildiyini deyən ehtiyatda olan Polkovnik Elxan Qəniyev "Sherg.az"a bildirib ki, əgər ayın sonuna kimi erməni silahlıları Qarabağı tərk etməsə, antiterror əməliyyatları başlayacaq:

"Bu yaxınlarda Prezident İlham Əliyev də çıxışında qeyd etdi ki, Rusiyadan səlahiyətli şəxs çağırılıb və ona deyilib ki, ayın sonuna qədər erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. 

Hazırki vəziyyətdə İran Ermənistanı təhrik edir ki, təxribatlar törətsin. Astana sammiti zamanı Xameneinin Zəngəzur bizim “qırmızı cizgimiz”dir deməsi bunun ən böyük sübutudur. Bu səbəblərdən bizimkilər qüvvələrini artırır və hazırlıqlar görürlər. 

Ayın sonuna qədər Laçını tərk etmək tələbi və Laçının tamamilə Azərbaycana qaytarılması məsələsi erməniləri qıcıqlandırır.Vaxtı uzatmaq məqsədi ilə belə təxribatlar törədirlər. 

Digər tərəfdən isə çəkilən yolun tamamlanmasına 7 km qalıb. Qalan məsafə isə Ermənistan sərhədindən o tərəfdə olduğu üçün yolu erməni tərəfi tikməlidir. Lakin hələ tikib qurtarmayıblar. İndi də onu bəhanə edirlər. 

Söhbət gəzir ki, yaxın zamanlarda Ukrayna genişmiqyaslı əks-hücuma başlayacaq və rusların başı ora qarışacaq. Biz də bu vəziyyətdən istifadə edərək burdakı işlərimizi həll edəcəyik".